Dünən Bakıda orta məktəbdə baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. 

Unikal.org xəbər verir ki, hadisənin baş verdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbin direktoru Camal Əlirzayev Lent.az-a açıqlamasında bildirib ki, hadisə saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: "Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb.

Məktəb direktoru bildirib ki, bıçaqlanma hadisəsindən sonra şagirdlərdən biri aptekə gedərək oradan dərman almaq istəyib: "Bizə aptekdən zəng etdilər ki, şagirdlərdən biri dərman almaq istəyib. Dərhal maraqlandıq və təcili tibbi yardıma müraciət etdik. Mənim təlim-tərbiyə üzrə müavinimin müşayəti ilə Rahib xəstəxanaya çatdırıldı.

İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlər arasında qanlı davaya səbəb olan mübahisə onlardan birinin məktəbin koridorunda qızlara yol verməməsi olub. Samir Fətullayev bunu həmin şagirdə irad tutub və mübahisə böyüyüb. Daha sonra mübahisəyə qoşulan Rahib isə Samir tərəfindən bıçaqlanıb.

*****

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. 

Unikal.org Lent.az-z istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.