"Bu gün Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 26 ili tamam olur. Bu, millətimiz üçün böyük xoşbəxtlikdir. Ona görə də biz müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq.

Unikal.org xəbər verir ki, bu fikirləri "Ölkə.Az-a müsahibəsində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov prezident olduğu dövrdə Azərbaycanın müstəqilliyinin əldə edilməsinə çalışdığını söyləyib:

"O zaman çox mürəkkəb proseslər gedirdi. Bütün bu risklərə baxmayaraq, biz müstəqilliyimizlə bağlı qərarı qəbul etdik. Mən 1991-ci il oktyabrın 18-də həmin qərara imza atdım. Şükürlər olsun ki, biz indiyədək müstəqilliyimizi qoruyub saxlamışıq. Bu sona qədər davam etməlidir.

Mən müstəqillik aktına imza atan prezident olsam da, bütövlükdə burada xalqımızın rolu böyük olub. Bunu etiraf etmək lazımdır. Zaman elə gətirdi ki, bu tarixi missiya mənim payıma düşdü. Mən də həmin sənədə böyük məmnuniyyətlə imza atdım. Yaxşı xatırlayıram ki, biz digər SSRİ üzvü olmuş ölkələrdən daha tez bu qərarı qəbul etdik. Yəni, 1991-ci il oktyabrın 18-ə qədər digər SSRİ ölkələrindən hələ heç biri müstəqillik haqqında bəyanat verməmişdi.
A.Mütəllibov deyib ki, həmin dövrdə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən qüvvələr də olub:

"Sadəcə olaraq, mən onlara qarşı çıxmaq istəmirdim. Düşünürdüm ki, biz demokratik cəmiyyət qurmaq istəyiriksə, bu cür adamlar da olmalıdır. Hətta, bəzən onlara qarşı çıxanda, AXC-Müsavat üzvləri məni anti-demokratik addımlar atmaqda ittiham edirdilər, qınayırdılar və s. Mən də bütün qüvvələrə şərait yaradırdım, onlara fikir və mövqe bildirmək qadağası qoymurdum. Bəlkə də buna görə mən hakimiyyətdə çox qala bilmədim. Prezident idim, bütün güc orqanları mənə tabe idi. Mən də istəsəydim, müxalifətə qarşı güc tətbiq edə bilərdim. Amma bunu etmədim. Düşündüm ki, demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Amma nəticəsi necə oldu? Onlar bu azadlıqlardan, demokratiyadan sui-istifadə etdilər. Müxalifətə açıq şəkildə dedim ki, gəlin bir olaq, Dağlıq Qarabağ problemini həll edək, bir il sonra özüm hakimiyyətdən geri çəkiləcəm. Seçki keçirilər, qalib gələn prezident olar. Onlar buna razı olmadılar, məni devirməyə çalışdılar. Məni Moskva ilə əməkdaşlıq etməkdə ittiham edirdilər. Baxın, 1991-ci il 18 oktyabrda SSRİ var idi. Heç kəsin ağlına belə gəlməzdi ki, SSRİ dağılacaq. Amma mən müstəqillik əldə etməyimizlə bağlı sənədə imza atdım, xalqın müstəqillik uğrunda mübarizə aparmasına mane olmadım. Qarabağın azad olunması uğrunda hərbi əməliyyatlar keçirirdim. Bəlkə də buna görə məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim.

A.Mütəllibov Azərbaycan Xalq Hərəkatı fəallarının ona qarşı çıxmaqla, Qarabağ problemini düyünə saldığını qeyd edib:

"Bizə qarşı amansızcasına müharibə aparırdılar. Mən isə heç zaman prezident postumu möhkəmləndirmək barədə düşünmürdüm. Mənim əsas fikrim Qarabağ problemini köklü həll etmək idi. Hətta, mən Qarakənd faciəsində həlak olmuş komandamı yığanda da, onlara başlıca vəzifə kimi Qarabağ problemini birdəfəlik həll etməyi tapşırmışdım. Onlara bildirmişdim ki, nə yolla olursa olsun, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və Qarabağ problemi köklü şəkildə həllini tapacaq. Bunun üçün SSRİ rəhbərliyi ilə danışıqlar da aparırdım. Əfsuslar olsun ki, Qarabağ problemini həll etmək üçün mənə imkan vermədilər. Konkret olaraq, AXC, Müsavat və digər siyasi qüvvələr mənə imkan vermədi ki, bu problemi həll edim. Nəticədə də komandamın əsas üzvləri vertolyotda həlak oldular. Onların hamısı Azərbaycanın vətənpərvər oğulları idi. Heç bir vəzifə, təmənna güdmədən bu ağır yükün altına girmişdilər. Onların heç biri vəzifə, pul hərisi deyildilər. Ürək ağrısı ilə bu yükün altına girmişdilər. Mənə Qarabağ məsələsinin həllində özləri kömək etməyi təklif etmişdilər. Allah onlara rəhmət etsin.
AXC-Müsavat qüvvələri qorxurdular ki, mən Qarabağ problemini həll edərəm, bunlara heçnə qalmaz, nüfuzdan düşərlər. Onlar Qarabağ məsələsini özləri üçün pay hesab edirdilər. Düşünürdülər ki, Ayaz Mütəllibov bu problemi həll etsə, xalqın gözündə ucalacaq, onlara yer olmayacaq və s. Mənə müxalif olan qüvvələr arasında bu cür düşünən adamlar çox idi. Çox təəssüf ki, onlar bununla çox böyük səhv edirdilər. Bunun nəticəsində də ermənilər torpaqlarımızı işğal etdi. Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm. Azərbaycan xalqı onların kim olduğunu çox yaxşı bilir. Qoy hər kəs öz payını götürsün!.