Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

19-20 oktyabr 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir. Tədbirdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

"Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, iclasda Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2017-ci ilin doqquz ayı əzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri, 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının ilkin nəticələri müzakirə olunur.

Bildirilir ki, iclasda həmçinin MDB üzv dövlətləri, Latviya, Litva və Estoniya dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri, 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti, Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası, Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta, 2018-ci ildə "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi ilə bağlı məsələlər də müzakirə olunur.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

"Azərbaycan Dəmir Yolları QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.