İspaniyanın "Mundo Deportivo nəşrinin saytında Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağın erməni klubu kimi təqdim edilməsi barədə məlumat vermişdik. İspanlar ÇL-in qrup mərhələsində Ağdam klubu ilə Bakıda qarşılaşan (0:0) "Atletiko"nun futbolçusu Yannik Karrasko haqda yazıda təmsilçimizi erməni klubu kimi təqdim etmişdi.

Unikal.org xəbər verir ki, nəşr öz səhvini tez bir zamanda düzəldib. Belə ki, azərbaycanlı azarkeşlərin həmin xəbərin şərh bölməsində "Qarabağın Azərbaycan klubu olmasıyla bağlı etirazlarından sonra xəbərdən "erməni kəliməsi çıxarılıb.

Xatırladaq ki, bu, ispan jurnalistlərin "Qarabağla bağlı yol verdiyi ilk səhv deyil. Bir müddət öncə bu ölkənin digər məşhur idman nəşri "Marka da təmsilçimizi erməni klubu kimi təqdim etmiş, "Qarabağın ünvanladığı etiraz məktubundan sonra bu səhvini düzəltmişdi.