Futbol üzrə qadınlardan ibarət milli komandanın kapitanı Sevinc Cəfərzadə bir müddət öncə Rusiyanın "Donçanka klubu ilə 6 aylıq müqavilə imzalayıb. 

Hazırda Azərbaycanda olan "Talış ləqəbli futbolçu Unikal.org-a müsahibə verib. Millinin kapitanı müsahibəsində vətənə qayıtma səbəbindən danışıb.

- Azərbaycana birdəfəlik qayıtmısan?

- Yox, müvəqqəti gəlmişəm. Gəlməyimə səbəb sənədlərimlə bağlıdır. Bəzi sənədlərimi düzəltməkdə gecikmişdilər. 90 günüm burada tamam olacaqdı. Rusiyanı tərk etdim ki, məni deportasiya etməsinlər və yenidən ora qayıda bilim. Rusiyada çempionat noyabrın 2-də başa çatır. Mən isə evə 2 həftə tez gəldim.

- Rusiyadakı çıxışın bəyənilirmi?

- Onlar məndən razı qaldılar. Orada hər işimi yüksək səviyyədə gördüyümü düşünürəm. Oyunlarda iştirak edib qol da vurmuşam.

- Yeni təkliflər var?

- Bəli, burada başqa klubdan da təklif var. Öz klubum da mənimlə müqaviləni yeniləmək istəyir. Hələ tam qərar verməmişəm. Bu barədə çox danışmaq istəmirəm.

- Yəqin ki, klub sənə maaş ödəyir?

- Müqavilədə nə yazılmışdı onu da almışam.

- Yaxın zamanda milli ilə təlim-məşq və ya yeni oyun gözlənilir?

- Milli komandayla son 4 oyunda qalib gəldik. Yaxın vaxtlarda həm oyunumuz olacaq, həm də təlim-məşq toplantımız.

- Sənin sosial şəbəkədə əzələyə işləyən məşqlər edərkən videolarını görürük. Bəs, indi formanı, əzələni qorumaq üçün əlavə məşqlərə vaxtın qalır?

- Əslində, mən demək olar ki, hər gün məşqlərədəyəm. Amma vaxtım olduqca fitnesimdən də qalmıram. Çünki öz üzərimdə işləməyi xoşlayıram. Ona görə yox ki, əzələmi qoruyum. Düşünürəm ki, bu, mənim işimdir. Əgər idmançıyamsa, formada qalmalıyam. Bu cür idmanlar mənə çox kömək olur. Həm meydanda, hətta həyatda da bəzən kömək olur (gülür).

Hətta imkanım olduqca bir yerdə dayanmıram. Özüm üçün başqa idman növüylə də məşğul oluram. Görün, idmanı necə sevirəm. İdmana olan məhəbətimdir. Qolum sındı deyə, bir az geriləmişdim. Öz üzərimdə çalışıram ki, əvvəlki formadan da yüksək olum.

- Qız anaları həssas olur və adətən qızının dizinin dibində oturmasını istəyir. Düzdür, sən futbola görə uzun müddətdir Bakıda idin. Amma indi Rusiyada - vətəndən çox uzaqdasan. Ananız "gəl, qayıt evə, da bəsdir", deyirmi?

- Deyir, anam mənim üçün çox darıxır. Ona görə deyir ki, pulun lazım deyil, gəl, evdə ol. Mən də ona deyirəm ki, bu, mənim işim, karyeramdır. Ən azından mən sevdiyim işlə məşğul olub, maddi gəlirimi təmin etməliyəm. Qazandığım pulun da hamısını evə verirəm. Gəlirimin 90-95 faizini evə verirəm.

- Bəs, o, 5-10 faizlə dolana bilirsən? Gəncsən və artıq xərclərin ola bilər.

- Mənim əlavə xərclərim demək olar ki, olmur. Hər gün gəzib, boş-boşuna pul xərcləyən deyiləm. Başımı salıb öz işimlə, idmanımla məşğulam. Gəlirimin çoxunu evə verirəm, o, 5 faiz də mənə kifayyət edir. Bədxərcliyim də yoxdur. Əgər əlavə lazım olarsa, ailəmə deyirəm həmin puldan verirlər. Evə verirəm, ehtiyacları varsa, onu ödəyirlər. Qalan pulu da anam mənim üçün yığır.

- Sevinc bir az əvvəl dedin, idman mənə həyatda da lazım olur. Yəni, özünü müdafiə etmək üçün istifadə edirsən?

- Mənə elə gəlir ki, indiki zamanədə qızlara fiziki güc lazımdır. Çünki biz çətin zəmanəyə düşmüşük. Şəhərdə getdiyin yerdə özünə hörmət etməyən insanlar qarşına çıxa bilər. Mən lazımi yerdə öz gücümü göstərməyə qadirəm. Çox vaxt çalışıram ki, o cür insanlara fikir verməyim. Məcbur olub fikir versəm də, sonu mənim xeyrimə yaxşı olur (gülür).

- Bundan sonrakı hədəflərin nədir?

- Öz üzərimdə daha da yaxşı işləyib, daha yüksək klularda çıxış etməkdir. Bir yerdə dayanmaq istəmirəm. Bir də milli komanda ilə əlimdən gələni etmək istəyirəm. Baş məşqçi Vüqar Əsgərlinin rəhbərliyi altında millidə güclü məşqlərimiz keçirilir. Millimizi gənc prespektivli uşaqlardan ibarətdir. Daha da irəli getməyə qadirik. Federasiya da bizə dəstəkdir. İnşallah milli komanda səviyyəsində də öz sözümüzü deyəcəyik.

Aygün İlqarqızı