Parkomatlar yollardakı sıxlığı aradan qaldırmaq üçün nəzərdə tutulub. Hazırda paytaxt ərazisinə düşən 70-dən artıq küçə və propektlərdə 300-dən artıq parkomatlar quraşdırılıb. Bunu yalnız alqışlamaq olar, əmması isə odur ki, bu parkomatlar düzgün yerlərdə quraşdırılmır.

Unikal.org "ARB TV"-yə istinadən xəbər verir ki, ekspert Elməddin Muradlının sözlərinə görə, bəzi parkomatlar sürücüləri çaşdırır: "Bəzi yerlər var ki, yol polisi orada parklanmanı qadağan edir. Amma Bakı Şəhər İcra Hakimiyyəti gətirib ora parkomat qoyur və sürücülər bundan narazı qalır. Çünki sürücü dayanma-durma nişanına yox, parkinq nişanına baxır və gedib ödənişi edib, avtomobilini saxlayır.

Parkomatlar əhalinin sıx yaşadığı və iaşə məkanlarına yaxın yerlərdə müəyyən şərtlərlə quraşdırılmalıdır.

Mütəxəssislər deyir ki, BŞİH parkomatları quraşdırarkən mütləq DYP ilə məsləhətləşməlidir. Yararsız ərazilərdə parkomatların quraşdırılmaması üçün həm də bu işlə məşğul olanların maariflənməsi gərəkdir.

DYP-nin rəsmisi Vaqif Əsədov söhbətində bu sahədə çatışmazlıqların olduğunu etiraf etdi və problemi aradan qaldırmaq üçün çalışdıqlarını bildirdi: "Bəzi ərazilərdə parkomatların sürüşdürülməsi, yerinin dəyişdirilməsi istiqamətində tez-tez əməkdaşlarımız tərəfindən baxış keçirilir. Nöqsanlar olduqda aradan qaldırılması üçün vəsatətlər qaldırılır.

Qeyd edək ki, ötən ilin sonunda prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti parklama üçün münasib yerlərin siyahısını hazırlamalı və təhvil verməlidir.

Ekspert Ərşad Hüseynov bu siyahı hazırlandıqdan sonra parkomatların düzgün yerlərdə quraşdırılacağına əmindir: "Nişan qoyulmalıdır. Bunlar həll edilməmiş, bu cür söhbətlərin olacağı qaçılmazdır.

Yeni qəbul edilmiş qanunlara görə, parklama ərazilərində avtomobillərin səkiyə paralel, perpendikulyar və digər istiqamətlərdə dayanması üçün xüsusi nişanlar yerləşdirilib. Sürücülər diqqətli olmalıdır. Əks halda parkinq pulunu ödəmək belə onları cəzadan xilas etməyəcək.

Ekspertlərin digər narazılığı parkinq ödənişləri ilə bağlıdır.

Həmçinin dünyanın bəzi şəhərlərində bayram günlərində və gecə saatlarında müəyyən parkinq əraziləri ödənişsiz olaraq vətəndaşların xidmətinə verilir. İnanırıq ki, vəziyyət düzələcək və parkomatlarımız yollarda tıxac yaratmaq əvəzinə, boşluqlar yaradacaq.