Maaşlarını ala bilmədilər, yol nişanının üzərinə çıxdılar

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində qəribə hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, işlədikləri şirkətdən 30 min lirəyə yaxın əmək haqlarını ala bilməyən bir qrup işçi İzmit avtomobil yolunda olan yol nişanının üzərinə çıxıblar. Onlar bu hərəkətləri ilə etirazlarını ifadə edərək diqqəti problemlərinə yönəltmək istəyiblər.

Şirkət nümayəndələri əraziyə gələrək işçiləri oradan yerə düşürtməyə çalışsalar da istəkləri yerinə yetirilməyib.

Həmin yol ilə hərəkət edən TİR sürücülərindən birinə isə işçilərin bu cür etirazı baha başa gəlib. Belə ki, sürücünün diqqəti etiraz edənlərə yönəldiyindən o, idarə etdiyi yük avtomobilini digər TİR-ə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Yol nişanının üzərinə çıxan işçilər qəzadan sonra aşağı düşməyə qərar veriblər.

Etirazçıları asayiş keşikçiləri yaxınlıqdakı polis bölməsinə aparıblar.