Parkomat qoyulan ərazidə sürücülərdən pul nağd şəkildə alınır. Həm də 1 manatdan. Suruculərə heç 15 dəqiqə avtomobillərini pulsuz park etmə şansını da vermirlər.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov stadionu istiqamətində olan çıxışından gedir.

Gözətçi otağında oturan şəxs ərazidən çıxan hər avtomobilin sürücüsündən nağd olaraq 1 manat pul alır. Baxmayaraq ki, elə həmin yerdə parkomat quraşdırılıb. Üstəlik, şlaqbaunların üzərinə xəbərdarlıq yazısı da yazılıb.

Araşdırmamız nəticəsində məlum oldu ki, gözətçi otağında oturan şəxs Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşıdır. Həmin şəxs ərazidə çəkiliş etdiyimizdən xəbərdar olsa da, buna məhəl qoymadan pul yığmağa davam edirdi...
Yaxınlaşıb müsahibə almaq istəyəndə isə özünəməxsus şəkildə cavab verib pəncərəni qapatmaq istədi.
Məsələ ilə bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.