Əlil arabasında iflic olan ölkəni xilas edən prezident - RUZVELTİN ÜÇÜNCÜ QƏLƏBƏSİ

04 Noyabr 2017 [21:29]


1940-cı ilin 5 noyabrın Amerika tarixinə 32-ci prezidenti Franklin Ruzveltin seçkilərdə 3-cü qələbəsi günü kimi yazılıb. Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilən Franklin Ruzvelt 4-cü hakimiyyət müddətini sona qədər başa vura bilməyib, beyninə qansızma nəticəsində vəfat edib.

Uni Modern.azsaytı amerikalıların "Xalq prezidenti” adlandırdığı Franklin Ruzvelt haqqında yazını təqdim edir.

Franklin Ruzvelt ölkəsinin tarixinə ən uğurlu dövlət başçılarından biri kimi düşüb. Ötən əsrin 30-cu illərinin əvvəllərində Amerika "Böyük depressiya” dövrünü yaşayıb. Məhz bu dövrdə, ölkənin böhran vəziyyətində olduğu bir vaxtda, 1933-cü ildə prezident seçilən Franklin Ruzvelt problemlər burulğanına düşən Amerikanı mövcud vəziyyətdən çıxara bilib. Amerikanın "siyasi ulduzu” statusunu qazanan Ruzvelt 1933-cü ildə böhran vəziyyətdə qəbul etdiyi Amerikanı 1945-ci ildə güclü bir dövlət kimi təhvil verib.

14 yaşına kimi yalnız evdə təhsil alan Franklin Ruzvelt sonradan Harvard kollecində təhsil alıb. Yaşıdlarından özünəgüvənliyi ilə fərqlənən gənc Franklin jurnalistika sahəsinə böyük həvəs göstərib. Elə bu həvəs də onu tələbə qəzetinin redaksiyasına aparıb. O əvvəlcə bu qəzetdə müxbir, daha sonra isə baş redaktor işləyib. İmkanlı ailədən çıxdığından maddi ehtiyacı olmayan Franklin öz fəaliyyətində yalnız gələcək karyerasını düşünüb. Kolleci bitirdikdən sonra Kolumbiya Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı illərdə də kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib.

Kiçik vəzifələrdə çalışan və şəxsi biznesi ilə məşğul olan Ruzvelt öz gələcəyinə böyük ümidlə baxıb və onun çalışqanlığı diqqətdən yayınmayıb. 1921-ci ildə adi bir hadisədən, soyuq suda çimməyindən Ruzvelt poliomielit xəstəliyi qazanıb. Bu xəstəlik nəticəsində o ömrünün sonuna qədər əlil arabasında gəzib. Lakin bu xəstəlik də onun iradəsini sındırmayıb.

1928-ci ildə Ruzvelt Nyu-York ştatının qubernatoru vəzifəsinə seçilib. Bu vəzifədə işləməsi onun gələcək siyasi karyerasında böyük rol oynayıb.

Birinci prezidentlik dövrü Franklin Ruzveltin siyasi fəaliyyətində ən çətin dövr və sınaq müddəti kimi sayılıb. Ruzvelt ilk növbədə ölkənin iflic vəziyyətinə düşmüş banklarını, bərbad vəziyyətdə olan iqtisadiyyatı dirçəltmək üçün mümkün olan bütün tədbirləri həyata keçirib. İlkin nəticələr özünü göstərdikcə Ruzvelt şəxsən özü bu haqda ölkə vətəndaşlarını məlumatlandırıb. Onun çox sadə xalq dilində müraciətləri həyəcanlı amerikalıları sakitləşdirib. Həmin ərəfədə onu "xalq prezidenti” adlandırıblar. O çalışıb ki, sadə amerikalılardan heç nə ilə fərqlənməsin. Amerikanın böhran vəziyyətdə olduğu dövrdə Ruzveltin etdiyi naharın qiyməti cəmisi 19 sent məbləğində olub. Həmişə zəngin yaşamış prezident üçün bu çətin olsa da, Ruzvelt özünü xalqdan üstün tutmaq istəməyib.

Ruzveltin atdığı bütün addımlar Amerikaya xeyir və uğur gətirib. Siyasi məntiqə əsaslanan gedişlər, uzaqgörənlik Amerikanı düşdüyü vəziyyətdən zaman-zaman çıxarıb.

1939-cu ilin sentyabrın 1-də Amerikanın Fransadakı səfiri Bullit Ruzveltə zəng edib Almaniyanın Polşaya hücumu haqqında məlumat verəndə Amerika prezidenti sevincini gizlədə bilməyib:

- Əla, Bullit, nəhayət, bu məsələ baş tutdu. Demək, Allah Amerikaya kömək olacaq.

Həmin dövrdə bu müharibə Ruzvelt üçün hava və su qədər vacib idi. Çünki Amerikanın hərbi texnikalarının, sursatlarının beynəlxalq bazarlardan gətirəcəyi gəlir ölkənin maliyyə problemlərini həll edəcəkdir.

Franklin Ruzveltin Stalinə münasibəti əvvəllər birmənalı olmasa da, sonralar SSRİ rəhbəri haqqında yüksək fikirdə olub. Ağ Evdə əyləşən və Stalinin kriminal keçmişi haqqında məlumatı olan məmurlar sovet liderini öz aristokrat səviyyələrinə uyğunlaşdıra bilməyiblər. Hətta bir dəfə Ruzveltin müşaviri öz fikrini prezidentə açıq şəkildə bildirib:

- Stalinin keçmişi bizi o qənaətə gətirir ki, o banditdir. Banditlə centlmen kimi danışmaq mümkün deyil.

Amerika prezitenti müşvirinə təmkinlə başa salıb:

- O banditdirsə biz onunla centlmen kimi danışacıq və o banditliyini tərgidəcək. Stalinlə centlmen kimi danışmaq lazımdır.

1943-cü ildə Stalinlə Tehran konfransında görüşdükdən sonra isə Ruzvelt onun haqqında öz fikirlərini belə bölüşüb:

- Stalin fəaliyyət göstərməyi, təsir etməyi bacaran insandır. Onunla danışmaqdan, iş görməkdən yalnız və yalnız zövq almaq olar. O, alçaq tonla və çox sakit danışır. Bununla da özünə inandığını göstərir. Bir sözlə, insanda cox gözəl təəssürat yaradır.

Franklin Ruzvelt müharibədən sonra SSRİ ilə sıx əlaqələrin qurulmasının tərəfdarı olub. Alman faşizminə qarşı mübarizədə Ruzvelt digər müttəfiq ölkələrdən daha çox SSRİ-nin fəaliyyətini yüksək qiymətləndirib, sovet vətəndaşlarının vətənpərvərliyi onu hətta təəcübləndirib:

- Müharibə zamanı marşal İosif Stalinin rəhbərliyi altında sovet insanları öz şücaətlərini, vətənə sevgilərini, sınmaz iradələrini nümayiş etdirdilər ki, hələ dünya belə şey görməmişdi. Müharibədən sonra SSRİ ilə dostluq əlaqələrinin yaradılması ölkəmiz üçün arzuolunandır. Əgər bir xalq özü ilə bərabər dünyanı təhlükədən qoruyursa o dostluğa layiqdir.

Franklin Ruzvelt filatelist olub. O dünyanın hansa ölkəsinə səfər edibsə marka almağa vaxt tapıb. Ruzvelt yığdığı markaları nümayiş etdirməkdən zövq alıb. O prezident seçildikdən sonra Amerikada filatelistlərin sayı artıb.

Ruzvelt qadınlara qarşı da biganə olmayıb. O hündürboy xanımlara daha çox üstünlük verib. Məşuqə axtarışlarında və seçimində Ruzvelt çox da çətinlik çəkməyib. Onun əsas sevgi macəraları Ağ Evdə çalışan katibələr Lyusi Merser və Missi Lexand olub.

Franklin Ruzveltin həyat yoldaşı Eleonar Amerikanın ictimai və siyasi həyatında fəal qadınlardan biri olub. O Amerika Prezidenti üçün həyata beş oğul və bir qız gətirib. Xanımının siyasi fəallığı bir çox hallarda Ruzvelti hiddətləndirib. Adi iş günlərinin birində Ruzvelt yuxudan oyananda görüb ki, həyat yoldaşı harasa gedib. Həmin gün Eleonar türmədə xeyriyyə tədbirində iştirak edirmiş. Xidmətçilərdən həyat yoldaşının hara getdiyini soruşunda cavab veriblər ki, xanımınız türmədədir. Prezident başını bulayaraq deyib:

- Mənim buna şübhəm yoxdur. Ancaq maraqlıdır ki, nəyə görə tutublar.

Franklin Ruzvelt Amerikanın tarixində ilk dəfə olaraq 1944-cü ildə dördüncü dəfə prezident seçilib. Lakin o, bu prezidentlik müddətini başa vura bilməyib. Ruzvelt 1945-ci il aprelin 12-də beyninə qansızma nəticəsində vəfat edib.










SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)