Bazarda alıcı ilə satıcı arasında yaranan mübahisə qəfil davaya çevrilib. Mübahisəyə nəyin səbəb olduğu bilinməsə də ilk yumruğu kişi satıcı qadın alıcıya vurur. Belə olan halda isə dava daha da böyüyür. Bu zaman isə qadının cavab zərbəsi ilə kişi satıcı özü yerə yıxılır. Davanın videosu sosial şəbəkələrdə yayılıb. İndi təqdim edəcəyimiz süjetdə son zamanlar alıcılar və satıcılar arasında yaranan mübahisələrin kökündə nəyin dayandığını araşdırmışıq.

Başqa satıcıdan mal alan qadın başının arxasından qəfil zərbə alır. Niyə vurulduğunu anlmaayan alıcı ikinci yumruqla qarşılaşır. Kənardan baxan digər şəxslər isə mübahisə edənləri aralamağa çalışsalar da, mübahisə daha da böyüyür.

Mübahisə etdiyinin qadın olmasına fikir verməyən satıcı isə ard -arda yumruqlar atmağa çalışır. Bu zaman isə qadının cavab zərbəsi ilə bir anda yerə yıxılır.

Görüntülər Bakıdakı bazarların birində lentə alınıb. Mübahisənin nədən yarandığı bilinməsə də, davaya səbəb satıcının alıcını yumruqla vurmasından baş verdiyi aşkar görünür.

Bəs son zamanlar satıcı-alıcı arasında yaranan mübahisələrin artmasına səbəb nədir? Alıcılar satıcıların bəzi hallarda onlara kələk gəlməyə çalışdığını, mübahisələrin daha çox bundan yarandığını deyirlər.
Satıcılar isə deyilənlərlə razılaşmır. Onların sözlərinə görə çox vaxt problem yaratmağa alıcılar meyilli olur.

Psixoloqlar isə deyir ki, son zamanlar cəmiyyətdə yaranan aqresiyanın kökündə az yuxu yatmaq dayanır. Psixoloq Elnur Rüstəmov həmçinin qeyd edir ki, hansısa bir satıcının kələkbaz, bir alıcının isə kaprizli olması hər kəsin belə olduğu anlamına gəlmir. İnsanlar heç bir halda ümumiləşdirilməməlidir.

Qeyd edək ki, video ictimailəşdiyindən hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.