Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə bu ölkəyə səfər edib. 

Nazirlikdən Unikal.org-a verilən xəbərə görə, səfər çərçivəsində bu gün iki ölkə nazirlərinin iştirakı ilə görüş keçirilib. Pərviz Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə etdiyini diqqətə çatdırıb və dəvətə görə Berat Albayraka təşəkkürünü bildirib. Bunu Azərbaycan -Türkiyə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında daha bir qırılmaz bağ olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı, eləcə də iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının 6-cı toplantısınının ardınca keçirilən bu görüş enerji əməkdaşlığı üzrə yaranan yeni imkanları müzakirə etmək üçün faydalıdır. Tarixi İpək Yolunu yenidən bərpa edərək Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ölkələrimizin iqtisadi inkişafına, tranzit potensialının genişlənməsinə, türkdilli ölkələrin birliyinə xidmət göstərməklə yanaşı, yeni bir enerji dəhlizi də yaradacaq.

Görüşdə Azərbaycanın zəngin enerji resurslarını alternativ marşrutlarla dünya bazarlarına çatdırılmasında Türkiyə ilə birgə həyata keçirilən enerji siyasətinə nəzər yetirilib. Azərbaycan-Türkiyə əməkdaşlığının töhfələri olan "Əsrin müqaviləsi, "Şahdəniz qaz yatağı layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihələrinin ölkələrimizə qazandırdığı nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, TANAP üzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. Görüşdə həmçinin "Cənub Qaz Dəhlizinin genişləndirmə perspektivləri, Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərin işin gedişatına müsbət təsirləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələr iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığı, eləcə də "Petkim, "Star neft-kimya layihələri, yatırılan investisiyalar və belə layihələrin ölkələrimiz arasında ticarət dövriyyəsinə təsiri kimi məsələləri də əhatə edib.

Görüşdə dünya enerji bazarında son vəziyyət ətrafında da geniş fikir mübadiləsi aparılıb.