Yasamalda “Elite City” MMC vətəndaşın intihar cəhdinə səbəb oldu - FOTOLAR

07 Noyabr 2017 [19:13]


Ötən gün Yasamal rayonu, Zahid Xəlilov küçəsində qalmaqallı tikinti işinə görə bir nəfər şəxs intihara cəhd edib. Həmin küçədə yaşayan sakinlərdən biri binalarının önündəki ərazidə tikinti işinin aparılmasına və ağacların kəsilməsinə etiraz olaraq binanın damına çıxıb. O, binanın həyətində söküntü işinin dayandırılmasını tələb edib. İntihara cəhd etmək istəyən Ruslan Məhərrəmovla danışıqlar nəticə verib, onu binadan endirmək mümkün olub.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 21.06.2017-ci il tarixli sərəncamı ilə "Elite City” MMC Yasamal rayonu, Zahid Xəlilov, Əhməd Cəmil və Şəhriyar küçələrinin əhatə etdiyi 568-ci məhəllədə çoxmərtəbəli bina tikməyi planlaşdırıb. 

Unikal.org xəbər verir ki, Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, sakinlərlə həmsöhbət olub.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, tikiləcək olan çoxmərtəbəli bina ilə qonşu binalar arasındakı məsafə olduqca yaxındır. Tikinti aparılacaq ərazi 5 bina ilə qonşudur. Ən yaxın olduğu bina ilə məsafə təqribən 10 metrə yaxındır. Digər binalar arasındakı məsafə də normativdən azdır.

Sakinlər bizimlə söhbətində bildirdilər ki, Zahid Xəlilov 36A, 36B, 36V, Əhməd Cəmil 23, 25, 27 və Şəhriyar küçələrinin kəsişməsində ikimərtəbəli binaların və həyət evlərinin sökülərək yerində çoxmərtəbəli binanın tikilməsi onları narazı salıb: "Yasamal Rayonu İcra Hakimiyyəti və tikinti şirkətinin nümayəndələri əraziyə gələrək, pilot layihə adı altında ikimərtəbəli köhnə tikililəri söküb, yerində çoxmərtəbəli bina tikəcəklərini bildiriblər. Lakin ətrafdakı binaların sakinləri çoxrmərtəbəli binanın tikilməsini doğru hesab etməyərək, etiraza qalxıblar. Qəzalı vəziyyətdə olan binaları söküb, 30-a yaxın ailəni kirayə evlərə köçürdülər. Mənzillərinin yerində yeni çoxmərtəbəli bina tikilənədək şirkət onları kirayələrə köçürəcəyini vəd verib. Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndələrinin dediyinə görə, 18 ay müddətində binanın tikintisi yekunlaşacaq. Təsəvvür edin ki, 5 binanın əhatəsində 14 mərtəbəli bina tikəcəklər. Binalar arasındakı məsafə də tikinti normalarına da uyğun gəlmir. Özbaşınalıqdır, camaata hədə-qorxu gəlirlər. Əgər 14 mərtəbəli bina tikilsə, burada aləm bir-birinə dəyəcək. Maraqlıdır ki, əgər bina tikilsə giriş-çıxışı hara olacaq? Aydın məsələdir ki, hərəkət etmək mümkünsüz olacaq. Bu tikili bizi gün işığına həsrət qoyacaq”.

Məsələ ilə bağlı həmin ərazidə yaşayan hüquqşünas Habil İsgəndərov bunları danışıb: "Ərazidə aparılan qanunsuz tikinti ilə bağlı kifayət qədər mətbuata və aidiyyatı orqanlara məlumat vermişik. Bildiyiniz kimi, buraya hakim də gətirilmişdi. O vaxtdan bəri məhkəmə işləri yekunlaşdırılmayıb. Buna baxmayaraq, binaların qarşısında yerləşən həyət evlərini və köhnə ikimərtəbəli binaların sakinlərini kirayələrə köçürüb, söküntü işləri apardılar. Tikinti şirkəti həmin ailələri razı salıb, məqsədi yeni bina tikdikdən sonra həmin sakinləri oraya məskunlaşdırmaqdır. Lakin ətrafdakı binaların sakinləri buna narazıdır və tikinti aparılmasının əleyhinədir. Sakinlərlə danışıq aparmamış, razılaşdırılmamış bu işlər həyata keçirilir”.

H.İsgəndərov Yasamal Rayon İcra Hakimiyyətinin və tikinti şirkətinin həyata keçirdiyi işlərin qanunvericiliyə zidd olduğunu bildirdi: "Tikinti aparan "Elite City” MMC-nin məqsədi yüzlərlə insanın yaşadığı binaların həyətində 14 mərtəbədən ibarət 150 mənzilli bina tikməkdir. Hazırda söküntü aparılan ərazi hasarlanıb, tikintiyə hazırlıq işləri gedir. Sakinlərin narazılığı ondan ibarətdir ki, bu işlər tikinti-şəhərsalma normalarına uyğun deyil. Həmin ərazidə tikinti aparılması qanunvericilik tələblərinə, ümumiyyətlə hər baxımdan doğru deyil. Əgər çoxmərtəbəli bina tikilərsə, oradakı doqquzmərtəbəli binaların hava almağa yeri qalmır. Bizim dəvətimizlə müxtəlif mütəxəssislər də əraziyə baxış keçiriblər. Memarlar İttifaqının memarları, digər şəxslər də belə bir yerdə çoxmərtəbəli binanın tikilməsinə mat qalıblar. Şirkət isə bildirir ki, onların aidiyyatı qurumların hamısından icazə sənədləri alıblar. Bu, tamamilə yalan söhbətlərdir. Arxitektura Komitəsi 1 may, 16 may, 10 iyun tarixində və 25 iyul tarixlərində 4 dəfə məktub verib ki, həmin ərazidə 14 mərtəbəli bina tikilməsi məqsədəuyğun deyil. Məsələ ilə bağlı Arxitektura Komitəsi bizə şifahi şəkildə də bildirdi. Yalnız üçmərtəbəli qeyri-yaşayış binası tikilməsi planlaşdırıla bilər. Daha sonra 50 nəfərin imzası ilə sonuncu dəfə də yazılı qaydada müraciət elədik. Komitə həmin qaydada hər hansı bir dəyişikliyin olmadığını bildirdi. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində də olduq. Orada da dedilər ki, tikintiyə icazə ilə bağlı bir sənəd yoxdur. Lakin kimsə, haradasa icazə ilə bağlı nə isə deyir. Tikinti aparan şirkət tikintiyə icazənin olduğunu bildirir”.

Məsələ ilə bağlı Yasamal Rayonu İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov da danışdı.

E.Bağırov həmin ərazidə aparılan işlərin qanunlar çərçivəsində aparıldığını bildirdi: "Bildiyiniz kimi, işlər pilot layihəsi çərçivəsində aparılır. Bu ərazidə ümumilikdə 8 bina qalmışdı. Onlardan 5-i "Elite City” MMC tikinti şirkəti tərəfindən söküldü. Onlar sakinləri öz vəsaiti hesabına kirayələrə köçürdülər. Nazirlər Kabinetinin qərarında da bu formada qeyd olunub. Əvvəlki məhəllənin planlaşdırılması layihəsində 12 mərtəbəli binanın tikintisi nəzərdə tutulmuşdu. Əlimizdə belə bir ərazi planlaşma layihəsi var. Lakin şirkət 12 mərtəbəli binanın tikintisinin onlara sərf etmədiyini bildirdi. Bununla əlaqədar Bakı Dövlət Layihə İnstitutu bu layihəyə yenidən baxdı və ərazini yenidən planlaşma layihəsi elədi.

Yəni, ərazinin sıxlığı, tikinti əmsalı, bütün bunlardan sonra 14 mərtəbəli binanın tikintisini mümkün saydılar. Belə olan halda "Elite City” MMC şirkəti Yasamal Rayon İcra Hakimiyyəti ilə müqavilə bağladı və sənədləşdirmə işləri aparıldı. Daha sonra FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də qəzalı durumda olan mənzillərə baxış keçirdilər. Binaların qəzalı olması ilə bağlı rəy bildirdilər. Layihə sənədləri, ərazini planlaşdırılması, eskiz sənədləri Nazirlər Kabinetini qərarına uyğun olaraq Azərbaycan Respublikası Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırılıb, sonra eskiz layihəsi icra hakimiyyəti tərəfindən təsdiqlənib və sonda işçi layihənin hazırlanmasına icazə verilib. Bundan sonra şirkət özünün işçi layihəsini hazırlayır, müvafiq qaydada bütün razılaşmaları keçir və ekspertizaya təqdim edilir. Yanğın təhlükəsizliyi nöqteyi-nəzərdən tələb olunan rəy, ekoloji, sanitar-epidemioloji, o cümlədən günəşin düşməsi, havalanma, inhaliyasiya layihəsi olunub, tikiləcək binanın qonşu binaların üzərinə kölgə salması bütün bunlar layihə əsasında sübut olunub və Dövlət Ekspertiza İdarəsi layihəni tam ekspertiza edərək öz rəyini verib. İcra Hakimiyyəti isə buna icazə verib. Bütün rəy və razılaşmalardan sonra işçi layihə ilə razılaşdırılıb, tikintiyə başlanmasına icazə verilib”.

Binalar arasındakı məsafəyə gəldikdə isə E.Bağırov qanunvericilikdə konkret bir normanın olmadığını bildirdi: "Binalar arasındakı məsafə ilə bağlı onu deyim ki, burada konkret rəqəm yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində belə müəyyənləşdirilib”.

FOTOQALERIYA












SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)