Gəncə Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Anar Əliyev, Faiq Abdurrəhmanov, Rəşad Dadaşov və Arif Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə A.Əliyev 3 il 2 ay, A.Rzayev, F.Abdurrəhmanov, və R.Dadaşovun hər biri isə 5 il müddətinə azadlıqdan məhrum edilib. 

A.Rzayev Cinayət Məcəlləsinin (CM) 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunub.

Həmin şəxslərin hər birinin barəsində CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı şəxslərin mülkiyyətində olan maşınları gömrükdən qaçaqmalçılıq yolu ilə keçirmək barədə razılıq əldə ediblər.

Belə ki, A.Əliyev istintaqa məlum olmayan şəraitdə əldə etdiyi, heç bir mülkiyyət hüququ olmayan bir neçə maşını Azərbaycan ərazisindən qaçaqmalçılıq yolu ilə çıxarmağı planlaşdırıb.

Bu məqsədlə o, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin "Sərhəddə icazə balanklarının verilməsinə nəzarət şöbəsinin baş müfəttişi vəzifəsində işləyən A.Rzayevdən xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən maşınların sıxlığına görə özünə məxsus olduğunu dediyi maşınların sənədləri təqdim etmədən növbədənkənar rəsmiləşdirməsini xahiş edib. A.Əliyev maşınların öz mülkiyyətində olması barədə yalan məlumatlar verərək vəzifəli şəxs olan A.Rzayevin qulluq mənafeyi tələb etiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək maşınların sənədlərini tələb edib, yoxlamadan elektron imza kartı ilə Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informarsiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil edib. Daha sonra A.Rzayev maşınları A.Əliyevin adına "müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında maşınların Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postundan keçməsinə şərait yaradıb. Beləliklə də onlar maşınları Gürcüstan istiqamətinə keçirməklə qaçaqmalçılıq ediblər.

Məhkəmənin hökmündən təqsirləndirilən şəxslər, zərərçəkmişlər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri də Kərim Hüseynovdur. Ona məxsus olan və bankda ipoteka yüklü edilmiş, 70 min manat dəyərində "Lexus LX-570 markalı avtomobili qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb.

K.Hüseynovun vəkili Hafiz Ələsgərov apellyasiya şikayətində qeyd edib ki, ibtidai istintaqda və birinci instansiya məhkəməsində işə düzgün qiymət verilməyib.

Xatırladaq ki, A.Əliyev, F.Abdurrəhmanov və R.Dadaşov CM-nin 206.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq) maddələri ilə ittiham edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş A.Rzayevin barəsində isə CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.