"İqtisadi artım əldə ediləcək, amma buna baxmayaraq, əhalinin real gəlirlərində artım olmayacaq. Bu şərait iqtisadiyyatın strukturu dəyişənə qədər davam edəcək". 

Unikal.org report-a istinadən istinadən xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən "Forex Optimum" şirkətinin analitiki İvan Kapustyanskiy bildirib.
"Hazırda Rusiyada ÜDM-in artmasından ən çox mənfəət götürən böyük şirkətlər və dövlət müəssisələridir. Əhalinin əmək haqları isə çox zəif artım göstərir. İqtisadiyyatın strukturu kiçik biznes istiqamətinə yönəlsə, o zaman ÜDM artımında daha çox insan iştirak edəcək və daha çox insanın gəliri artacaq", - deyə analitik əlavə edib.
Qeyd edək ki, Rusiyada əhalinin gəlirlərində əmək haqlarının payı 64,7% təşkil edir. Bu göstərici 2008-ci ildə 68,4% olub. Bu dövrdə biznes fəaliyyətindən əldə olunan gəlirin xüsusi çəkisi isə 10,25%-dən 7,8%-ə enib. Əvəzində isə, sosial ödənişlərin payı 13,2%-dən 19,2%-ə yüksəlib.
Nəticədə, əhalinin gəlirlərinin "dövlətləşdirilməsi" prosesi gedir, dövlət isə əhalinin əmək haqlarını artırmır. Dövlət müəssisələrində əmək haqqının artım tempi inflyasiyadan xeyli geri qalır. Buna səbəb isə inflyasiya ilə mübarizə və büdcə kəsirinin azaldılması çalışmalarıdır: pul azalarsa, inflyasiya da az artar.
"TeleTrade" investisiya şirkətinin baş analitiki Mark Qoyxman hesab edir ki, iqtisadi inkişafa nail olmaq mümkün olsa da, buna səbəb struktur islahatları deyil, enerji daşıyıcılarının qiymətindəki artımdır: "Lakin çox maraqlı təzad yaranıb. Əhalinin orta aylıq əmək haqqı sentyabrda illik müqayisədə 5,6% artıb, inflyasiya isə 2,6% olub, əhalinin real gəlirləri isə artmayıb. Belə ki, real gəlirlər dedikdə, insanların vergi və icbari ödənişləri çıxıldıqdan sonrakı və inflyasiyadan təmizlənmiş gəlirləri nəzərə alınır.
Beynəlxalq Valyuta Fondunun Rusiya üzrə nümayəndəsi Qabriel di Bella Rusiyanın 3%-lik iqtisadi artıma nail olması üçün 7-10 il vaxt lazım olduğunu bildirib. Bunun üçün əsas şərt Rusiyanın dünya iqtisadiyyatına inteqrasiya olmasıdır: "Tez bir zamanda Rusiya yeni bir mal ixracını artıra bilməz. Ucuz işçi qüvvəsi təklifi ilə inkişafa nail olmaq mümkün deyil. Bu, ancaq yoxsulluq gətirəcək. Rusiya texnologiya inkişafına nail olmalıdır".