Azərbaycanda gələn ildən Beynəlxalq arenalarda yüksək nəticə göstərmiş idmançılara maaş veriləcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu qərar son zamanlar bir sıra federasiyalarda idmançılar və rəhbərlik arasında yaranan əmək haqqı və qonararlarla bağlı yaranan narazılıqların aradan qaldırılması ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın bir sıra məşhur idmançıları bu problemlər səbəbi ilə digər ölkələrə üz tutublar. Onların əksəriyyəti başqa ölkələrin adına uğurlar qazanırlar.

Elə bu problemin qarşısını almaq üçün artıq bəzi federasiyalar işə başlayıblar.

Məsələ ilə bağlı bir neçə federasiya ilə əlaqə saxlasaq da bu faktı dolayı yolla da olsa, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanov təsdiqləyib. O bildirib ki, gələn ildən Azərbaycanda təmsil etdiyim federasiya idmançılara maaş veriməsini nəzərdə tutub:

"Bu il yekunlaşır, gələn ildən federasiyada bəzi idmançılara maaş ödənilməsi planlaşdırılıb. Onlara öz kateqoriyalarına uyğun maaş ödəniləcək. Onu da qeyd edim ki, Azərbaycan çempionatı keçiriləcək və bu yarışa Gürcüstanın güclü üzgüçüləri də qatılacaq. Bizdə belə bir qərar qəbul edilib ki, daha "milliləşmə olmasın, diqqət öz idmançılarımızın üzərində olsun. Yerli idmançıları yetişdirək.

Aygün İlqarqızı