"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin "Stadler Rail Group şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın unikal.org-a verdiyi məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.

İsveçrənin "Stadler Rail Group şirkətinin baş icraçı direktoru Peter Şpuler "Azərbaycan Dəmir Yolları QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. "Stadler Rail Group şirkətindən "Minsk Stadler zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.