Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi "Kamaz" markalı ağırtonnajlı yük avtomobili aşıb.

Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Rəfael Allahverənova məxsus "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralı bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır.