"Müəllif qonorarı yığan təşkilatlar daha səmərəli fəaliyyət göstərərək qonorar yığımını artırmalı və vaxtında və ən önəmlisi dürüst şəkildə müəlliflərə çatdırmalıdır. Daha fəal və şəffaf işləmək həmin təşkilatların öz marağında olmalıdır. Çünki yığılan qonorarların bir hissəsi təşkilatın saxlanılmasına yönəlir. Odur ki, məsələnin mərkəzində yaradıcı insanın siması durur və hər atılan addım bunu nəzərə almalıdır.

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin baş hüquqşünası İqbal Əsgərov deyib. Onun sözlərinə görə, müəllif hüquqları anlayışı özündə müəllifin qonorar alma haqqını əhatə edir, ona görə də qanunvericilik və onun icrasını təmin edən normativ hüquqi aktlar müəlliflərin maraqlarına xidmət etməlidir ki, bunlar cəmiyyətdə yaradıcılığın inkişafını stimullaşdırır:
"1996-cı ildə qəbul edilmiş "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun qüvvəyə mindiyi tarixdən sonrakı müddətdə Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə həmin qanuna bir sıra dəyişikliklər edilib. Bununla yanaşı son 5 ildə qanunvericilik aktlarına onlarla əlavə və dəyişiklik, 30-a yaxın normativ hüquqi akt qəbul edilib, 20-dən artıq qanunvericilik aktlarının layihələri hazırda baxılma mərhələsindədir. Bütün bunların məqsədi ondan ibarətdir ki, müəlliflərin hüquqlarını qoruyan qanunların Avropa ölkələrindəki kimi tətbiqi mümkün olsun. Həmçinin Agentlik cəmiyyətdə əqli mülkiyyət mədəniyyətinin formalaşması üçün maarifləndirmə işləri aparıb və aparmaqdadır. Nümunə kimi şadlıq sarayları və restoranlar üçün yaddaş kitabçası şəklində təlimat hazırlanıb. Müəllif Hüquqları Agentliyi belə hesab edir ki, qonorar yığımını həyata keçirən ictimai təşkilatlar daha effektiv işləməklə yanaşı tək qonorar yığımı yox, həmçinin müəlliflərə qonorarın mənbəyi haqqında məlumat verməlidir, istifadəçilərlə sıx işləməlidir.
Agentlik əməkdaşı qanuna edilən dəyişikliklə bağlı bildirib ki, "Şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə, müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərar"ın tətbiqi bir yenilik deyil:
"Bu qərar 20 ildir mövcuddur, sadəcə olaraq, zamanın tələblərinə uyğun olaraq müasirləşdirilib. Buna əsasən əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətləri demək olar ki, tənzimlənir. İstənilən əsər əqli mülkiyyət sayılır və maddi mülkiyyətdən fərqli olaraq əqli mülkiyyət sahiblərinin hüquqları kimi çıxış edir. Şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Və qonorarı da məhz gəlir əldə edən şadlıq sarayı və ya restoran sahibi ödəməlidir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir. Yeni qərarın özü və tətbiq edilmə mexanizmi çox şəffaf, sadə və ədalətlidir. Bu qərarın həyata keçirilməsi həm mənəvi irsimizi yaradan və inkişaf edən müəlliflərin güzəranın yaxşılaşdırılmasında, həm sadə vətəndaşların zövqünün formalaşmasında, həm də sahibkar məsuliyyətinin artırılmasında böyük rolu olacaqdır.