"Bəzi futbolçular son vaxtlar potensiallarından aşağı səviyyədə çıxış edirdilər. Biz də bundan şübhələnmişdik.

Unikal.org xəbər verir ki, bu sözləri apasport.az saytına "Keşlə klubunun icraçı direktoru Rəmiş Malıyev deyib.

Paytaxt klubunun 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov oyun alqı-satqısında iştirak etdikləri şübhəsi ilə dünən saxlanılıblar.

Məsələyə münasibət bildirən Malıyev hazırda ətraflı məlumata malik olmadıqlarını söyləyib. Klub rəsmisi futbolçuların zəif çıxışının onlarda bir müddətdi şübhə yaratdığını da etiraf edib:

"Biz də mətbuatda yazılanlar qədər bilirik. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Ancaq komandanın ardıcıl məğlubiyyətləri və futbolçuların zəif çıxışı bizdə şübhə yaratmışdı. Buna baxmayaraq, hər hansı bir sübutumuz yox idi. O ki qaldı şübhələndiyimiz təqdirdə, futbolçuların oyunlarda meydana çıxmalarına, bu məsələdə qərarı baş məşqçi verir. Axı hisslərə əsasən həmin oyunçuları kənarda saxlamaq da doğru olmazdı. Şübhə başqadı, dəlil başqa.

AFFA-nın sabiq hüquqşünası Hacıyevlə Seyidovu cəza gözlədiyini də sözlərinə əlavə edib:

"Əlbəttə ki, günahları sübuta yetirilərsə, futbolçuları cəza gözləyir. Ancaq gəlin, tələsməyək. Hüquq-mühafizə orqanlarının araşdırmasının yekununu gözləmək lazımdır. Yəqin ki, sabaha qədər bir açıqlama olar.