2011-ci ildə ölkəsini tərk edərək Türkiyə adına çıxış etməyə başlayan atlet Ramil Quliyev bəzi məsələlərə aydınlıq gətirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Quliyev açıqlamasında Azərbaycandakı idman imkanların qeyri-kafi olmasından ötəri başqa bir ölkəyə keçməyə qərar verdiyini deyib:

"Potensialımın çox böyük olduğunu görürdüm. Bunu dəyərləndirmək üçün üzərimdə çox çalışmalıyam. Məşq etmək üçün yer lazım idi. O zamanlar Azərbaycanda bu çox çətin idi. Çünki məşq edəcək yer yox idi. Xaricdə təlim-məşqlə göndərilmirdik. Uğur qazanmaq üçün başqa ölkəyə getməliydim. İlk ağlıma gələn qardaş ölkə Türkiyə oldu. Əgər alınmasaydı başqa ölkəni dəyərləndirəcəkdim. Çünki xarici ölkələrdən təkliflər vardı. Həmin ölkələri seçsəm məni dərhal alardılar.

Ramil Quliyev doğulub, boya-başa çatdığı Azərbaycanı heç bir zaman unutmadığını dilə gətirib. Bu səbəbdən Quliyev Londondakı yarışdan sonra Türkiyə və Azərbaycan bayraqları ilə dövrə vurduğunu qeyd edib:

"Uğuruma azərbaycanlılar da çox sevindi. Oradan çox təbrik gəldi. Düzü belə qarşılanacağımı gözləmirdim. Pis qarşılasalar da fərq etməzdi. Çünki mən yenə də iki bayraqla dövrə vurardım. Amma çox yaxşı oldu. Əlbəttə ki, xoşbəxtəm. "