"Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib.

Unikal.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARKın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib. Dövlət başçısı əlavə edib ki, Zirədəki aqropark müasir standartlara cavab verir: 

"Burada 10 hektarda gözəl park salınıb. İş şəraiti də, məhsuldarlıq da yaxşıdır. Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq. İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. 

Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır.