Xəbər verdiyimiz kimi, Nəriman Nərimanov metrosunun yaxınlığında, şəhərin mərkəzində "Azərbaycan Respublikasının Dünya və Avropa çempionları başlıqlı bilbordda 5 nəfərin (2 qadın, 3 kişi) şəkili asılıb. Sosial şəbəkədə gedən müzakirələr zamanı onların bu hərəkətini qınayıblar. Hətta bilbordda fotosu əks olunan Pərvanə Məmmədova adlı xanım Kikboksda WAKO-da dünya və Avropa çempionatlarında nəticə verən ilk idmançılardan olduğunu iddia etdi. Çingiz Eyvazovun şəxsi tələbəsi olduğunu deyib.

Azərbaycan Kikboks Federasiyası ilə bağlı da bir sıra iddialar irəli sürən P.Məmmədovaya cavab gecikməyib. Unikal.org bildirir ki, AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov heç bir qadın idmançının WAKO-da dünya və ya Avropa çempionatlarında nəticə göstərmədiyini, həmçinin sözügedən xanım idmançını tanımadığını dilə gətirib:

"Bu yaxınlarda sosial şəbəkədəki paylaşıma rəy yazmışdım ki, sözügedən fotodakılar bizim dünya çempionlarımız deyil. Bu idmançılar yəqin ki,  başqa döyüş növlərinin çempionlarıdır. Əgər hansısa növdən Dünya çempionlarıdırsa desinlər biz də bilək. Bu plakatda Pərvanə Məmmədovanın Kikboksun WAKO versiyasında dünya çempionu olmadığını qeyd etdim. Kikboks Fedarasiyası WAKO versiyası üzrə yarışlara yalnız nəticə verə biləcək bir nömrəli idmançılarını aparıb. Hələ ki, qızlardan tam hazır olan idmançı görmürük .Əgər bizi və baş məşqçimizi qane edən qadın idmançı olarsa, mütləq apararıq. Pərvanə Məmmədovayla heç bir qərəzim yoxdur ki, onun nəticəsi olduğu halda mən bunu inkar edim. Bizim baş məşqçimiz Çingiz Eyvazovla danışdım, o da 1999-cu ildə hansısa qız yığma komandanın tərkibində Dünya Çempionatına qatıldığını xatırlaya bilməyib. Əgər bu varsa www.wakoweb.com sayıtına baxılsın. Orada bütün idmançıların neçənci ildə, harada çempion ya finalçı, ya da üçüncü yer tutduğu yazılıb. Yarışda iştirak edibsə diplomu göstərsin. Doğrudur, o zamanlar bizim Fedarasiya rəhbəri Azər Həsənsoy idi. Əgər Pərvanə Məmmədovanı dünya çempionatına aparıbsa və WAKO versiyasında Avropa və Dünya çemionatında bürünc medal qazanıbsa, xahiş edirəm bizə də bu haqda məlumat versin, biz də bilək. Onu da bildirim ki, kim hap ki do, budo, jutboks, "qoqilivondoda döyüşür, problem yoxdur. Hər bir idman növünün gücü və gözəlliyi var. Öz döyüş növünüzü adınızın qarşısında yazın ki, hamı bilsin. Əlavə edim ki , biz Kikboks Federasiyası olaraq heç kəsə öz idman növümüzün nüfuzunun aşağı salmasına, idmançılarımızın haqqına girilməsinə imkan verməyəcəyik. Hər zaman saxtakarlığa qarşı olmuşuq. Fedarasiyamızın rəhbəri millət vəkili Adil Əliyevin rəhbərliyi ilə birlikdə bu istiqamətdə mübarizə aparacağıq.

Kikboks üzrə 23 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, "Ağ canavar ləqəbli Edurad Məmmədov da məsələyə münasibət bildirib. Tanınmış idmançı unikal.org-a Pərvanə Məmmədova adlı qadın kikboksçunu xatırladığını deyib. Lakin onun elə də böyük uğura imza atmadığını diqqətə çatdırıb.

"Düzdür o zamanlar elə bir qadın idmançı var idi. Amma onun elə bir nəticələr göstərdiyini görməmişəm. Düzdür, bəzi turnirlərdə çıxıb, amma böyük uğurları olmayıb. WAKO-da isə heç vaxt döyüşməyib. Amma o da çoxdan olub, 15 ildən çox ola bilər. Turnir səviyyəsində çıxış edib amma dünya və Avropa məkanında yarışa çıxmayıb. Mənimlə o qədər insan məşq edib ki, ola bilər onlar arasında Pərvanə də olsun. Amma nəticə vermək başqadır.

Eduard Məmmədov Fidan Bayramovanın yarışa göndərilməməsi, qadın idmançıların haqsızlıqla üzləşməsinə də münasibət bildirib:

"Azərbaycan çempionatında hər çəkidə qalib olur. Biz Azərbaycan çempionlarını dünya və ya Avropa çempionatlarına aparmalı deyilik. Onlar arasında seçim edilir. Fidanı da yəqin məsləhət görməyiblər deyə aparmayıblar. Burada elə güclü qadın rəqib yoxdur. O kişi idmançı kimi döyüşməliydi ki, yarışa gedə bilsin. Fidan öz hesabına gedə bilərdi. Yəqin imkanı olmayıb, gedə bilməyib. Ona heç kim qadağa qoymayıb ki, sən yarışa getmirsən. Sadəcə məsləhət görülür ki, onun əvəzinə hansısa oğlan idmançı yarışa getsin. 30-dan çox idmançı yarışa qatılmalı olub. Bizim də o qədər idmançını aparmağa maddi gücümüz yoxdur. Federasiyanın rəhbərliyi də çalışır ki, hər bir idmançı bayrağımızı qaldırı, himnimizi səsləndirsin. Bu səbəbdən də kişi idmançılara üstünlük veririk ki, medal şansımız daha çox olsun. Qəti sürətdə haqsızlıqdan söz belə gedə bilməz. Fidan bundan da yaxşı məşq etməli, öz gücünü sübut etməlidir. Həvəslərini itirməsinlər.

İdmançı bilbord məsələsinə də münasibət bildirib. Bu cür reklamın doğru olmadığını deyib:

"İdmançıların reklam olunması, onları gənc nəsillərə göstərərək nümunə çəkmək müsbət haldır. Amma belə bir reklam doğru deyil. Mənə də bu cür reklam təklifləri ediblər. Amma nəyisə reklam etmək üçün... Deyiblər həmin bilbordda nəticələriniz neçə dəfə dünya və Avropa çempionu olmanız yazılacaq. Demişəm mənə lazım deyil, ehtiyac yoxdur. Doğrudur, hansısa reklam çarxlarına çıxmaq olar. Ancaq idmançı belə reklam olunmaz. Bizim tanınmış idmançılarımızın, olimpiya, Avropa və dünya çempionlarımızın şəkilləri olarsa, o zaman onlar arasında mənim də şəkilimin olmasını istəyərəm. Bu da dövlət, MOK tərəfindən, idman nazirliyinin təşəbbüsü ilə olarsa... Amma 2-3 nəfərin özlərini reklam etməsi doğru deyil. Onu da deyim ki, olimpiya çempionlarımız qalib kimi gəldiyi zaman onların bilbordları asılır. Bax, bu doğru addımdır. Onlara halaldır. Bu daim olmalıdır, çünki gənclər onları görüb, özləri üçün nümunə götürməlidirlər.

Aygün İlqarqızı