Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

Məlumata görə, O.Nadirovun barəsində vətəndaşlardan polis idarəsinə şikayət daxil olub: "İstintaq nəticəsində məsələyə aydınlıq gətiriləcək. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir. Orxan Nadirovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib".

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.