Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elşən Bayramov küçəsində yaşayan II qrup Qarabağ əlili Ələkbər Əliyev ona məxsus olan ərazidə tikinti apara bilmədiyinə görə etirazını bildirir. Şikayətçi dəfələrlə yerli icra hakimiyyəti tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını və obyektinin hasarının uçurulduğunu iddia edir.

Unikal.org xəbər verir ki, "Yeni Müsavat qəzetinin müxbiri məsələni yerində işıqlandırmaq üçün adıçəkilən ərazidə olub, şikayətçinin gileyini dinləyib.

Ə.Əliyevlə söhbət zamanı bəlli oldu ki, icra nümayəndələri ilə Qarabağ əlili arasında mübahisə 2010-cu ildən başlayıb: "II qrup Qarabağ əliliyəm. Çoxsaylı müraciətlərimdən sonra, əlilliyimi nəzərə alaraq 2010-cu ildə Suraxanı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə mənə 30 kvadratmetrlik ərazi verildi. Bir müddət həmin ərazidə mağaza açdım, işlədim. Maddi durumum aşağı olduğundan həmin ili mağazanı tikə bilmədim. Bu səbəbdən də yerində dəmir konstruksiyadan bir mağaza quraşdırdım. Şükür, ailəmi dolandırırdım. Sonra mağazanı genişləndirmək üçün yenidən icra başçısı İlqar Abbasova daha 30 kvadratmetr ərazinin verilməsilə bağlı ərizə ilə müraciət etdim. İkinci dəfə müraciət etdiyimə baxmayaraq icra başçısı həmin yerin mənə verilməsi və sənədlərinin hazırlanması üçün tapşırıq verdi. Göstəriş verdi ki, müvafiq sənədləri hazırlayıb mənə versinlər, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinə göndərilsin və orada təsdiqlənsin.

Ə.Əliyevin sözlərinə görə, icra başçısının bu göstərişi başçının müavini Etibar Səlimov və digər nümayəndələr tərəfindən yerinə yetirilməyib: "Ötən həftə İlqar müəllimin qəbulunda oldum. İcra nümayəndələrinin başıma açdıqları oyunları icra başçısına danışdım. Başçı müavini Etibar Səlimovu yanına çağırıb, mənim problemlərimin həll edilməsi ilə bağlı tapşırıq verdi. Ona dedi ki, Qarabağ əlilinin şikayətlərini dinlə və nə lazımdırsa köməklik et. Qəbuldan sonra Etibar müəllim məni mədəni şəkildə başından elədi. Dedi ki, rayonda qayda-qanunları bilirsən də... Sözündən belə çıxdı ki, ya bizimlə yola getməlisən, ya da istəyin həyata keçməyəcək. Təsəvvür edin ki, icra başçısının tapşırığına da əməl etmədi. Heç icra başçısının tapşırığından 5 dəqiqə keçməmişdi... İkinci dəfə də başçının qəbuluna getmək istədim, lakin içəriyə buraxmadılar. İndi mən nə etməliyəm, dərdimi kimə deməliyəm?

Şikayətçi mağazasının hasarının dəfələrlə söküldüyünü bildirdi: "Mağazanın ətrafına hörgü üçün daşlar düzmüşəm. Dəmir mağazanı götürüb, yerində daşdan normal mağaza tikmək niyyətindəyəm. Hər gün axşam saatlarında əraziyə gəlib, daşları uçururlar. Mən yenidən yerinə yığıram, onlar uçururlar. Halbuki bir neçə ay öncə tikinti aparmağa icazə vermişdilər. Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov isə ümumiyyətlə heç kimi saymır. Deyir ki, mən sənə imkan verməyəcəm. İcra başçısı bir sözdür deyib də. Tikinti işinə başlayan zaman Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov, baş məsləhətçi Zaur Əhmədov və digər icra nümayəndələri əraziyə gəlib işə imkan vermədilər. Mən onlara bildirdim ki, axı bu obyekt Suraxanı Rayon İcra başçısı tərəfindən mənə verilib. Qanuni yerimdir. Bir neçə il mağaza da fəaliyyət göstərib, hökumətə 8 il ərzində vergi ödəmişəm. Həmçinin DSMF-yə ödəniş etmişəm. Bunlara baxmayaraq icra nümayəndələri mağazanın hasarlarını uçurmağa başladılar. Lakin onlar getdikdən sonra yenidən daşları yerinə yığdım.

Ə.Əliyev icra nümayəndələri Mehman Hüseynov və Zaur Əhmədovun tikinti üçün 2 min manat rüşvət tələb etdiklərini bildirdi: "Suraxanı Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Zaur Əhmədov və şöbə müdiri Mehman Hüseynov obyekti sökməmək üçün rüşvət istəyirlər. Mən onlara qanuni sənədlərimin olduğunu desəm də, bir faydası olmadı. Mənə dedilər ki, bu ölkənin qayda-qanunları bilirsən, buranı tikmək üçün gərək 2 min manat verəsən. Əks halda daşı-daş üstə qoya bilməzsən. Dedilər ki, elə hesab edirsən ikiotaqlı ev tikirsən, ev tikəndə də o pulu alırlar. Bir sözlə adlarını çəkdiyim icra nümayəndələri məni qaralayıblar. Halbuki onlara dəfələrlə demişəm ki, başçının tapşırığı ilə bu obyekt mənə verilib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq.

Musavat.com-a danışan İctimai-Humanitar məsələlər üzrə şöbə müdiri Bərxudar Bərxudarov icra hakimiyyəti tərəfindən şəhid ailələrinə və Qarabağ əlillərinə lazımı köməkliklər edildiyini bildirdi: "Adıçəkilən ərazidə Qarabağ əlilinə məxsus olan obyekt barəsində dəqiq məlumatım yoxdur. Ancaq vaxtı ilə həmin şəxslərin maddi durumunu yaxşılaşdırılması üçün ticarət və ya başqa yerlər verilib. Əgər həmin ərazi sökülərsə həmin şəxs başqa bir obyektlə təmin ediləcək. Bütün hallarda onun hüquqları qorunacaq. Ümumiyyətlə şəhid ailələri, müharibə iştirakçılarının hüquqları həmişə qorunur. Bizim rayonda yolun genişləndirilməsi və digər işlər aparılan zaman həmin ərazidə əlillərin hər hansı obyekti və sair olubsa, onların razılığı ilə başqa bir yerə köçürülüb.