Prezident İlham Əliyevin adı daha bir nüfuzlu xarici təşkilat tərəfindən beynəlxalq sülh mükafatına namizəd kimi göstərilib.

Unikal.org-un olke.az-a istinadən məlumatına görə, qərargahı Türkiyədə yerləşən "Beynəlxalq Qəzetçilər və Televiziyaçılar Federasiyası"nın (İPJA) Mükafatlandırma Komissiyası türkdilli dövlətlərdən, o cümlədən Azərbaycandan olan ayrı-ayrı nüfuzlu və görkəmli şəxslərə, dövlət və elm xadimlərinə təqdim ediləcək "Millətin Nobeli - 15 iyul humanizm, demokratiya və sülh beynəlxalq mükafatının layiq görüldüyü şəxslərin adını açıqlayıb. Sözügedən beynəlxalq mükafata layiq görülən görkəmli və nüfuzlu şəxslər arasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı var.

Mükafat verilməsi üçün irəli sürülən digər görkəmli və nüfuzlu şəxslərin adları isə 2018-ci il yanvarın 10-da İstanbulda keçiriləcək toplantı zamanı açıqlanacaq. Tədbirə dünyanın 35 ölkəsindən, o cümlədən Azərbaycandan da tanınmış və aparıcı media nümayəndələri, millət vəkilləri, elm xadimləri və ziyalılar dəvət olunub.

Xatırladaq ki, "Beynəlxalq Qəzetçilər və Televiziyaçılar Federasiyası"nın (İPJA) Mükafatlandırma Komissiyasının 10 üzvündən 2-si Azərbaycandan təmsil olunur. Bunlar İPJA-nın Azərbaycan təmsilçisi, jurnalist Vasif Həsənli və Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevdir.

Onu da bildirək ki, "Beynəlxalq Qəzetçilər və Televiziyaçılar Federasiyası"nın (İPJA) Mükafatlandırma Komissiyası "Millətin Nobeli 15 iyul - humanizm, demokratiya və sülh beynəlxalq mükafatının verilməsi üçün hər il türkdilli ölkələrdən, eləcə də Azərbaycandan nüfuzlu və görkəmli tanınmış şəxsləri seçəcəklər.