SON XƏBƏRLƏR
25 Aprel 2018
Prokuror restoranda baş verən silahlı insidentlə bağlı həbs edilənlərə cəza istədi
HADİSƏ 15:42 / 11.12.2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarov 18 il, Süleyman Abdullayev 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.