Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda Ə. Orucovun vəkilləri çıxış edərək, ona bəraət istəyiblər.

Sonra Ə. Orucov son sözlə çıxış edib. O da çıxışında barəsində bəarət hökmünün çıxarılmasını istəyib.

Hakimlər kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə. Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.