SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Düşməni lərzəyə salacaq hərbi zavod açılır - Nazir vaxtı dedi
SİYASƏT 10:05 / 17.12.2017
"Ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı təsdiq olunmuş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” respublikanın digər qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyub. Hazırda dövlət proqramının icrası ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında qoyulmuş mühüm vəzifələrin icrası istiqamətində işlər davam etdirilir."

Unikal.org xəbər verir ki, bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan qəzetinə deyib:

"Belə ki, ötən illərdən icrasına başlanılmış, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılmış və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bununla da istifadəyə verimiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılmışdır.
Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilmişdir. Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir".

Nazir həmçinin vurğulayıb ki, ötən illərdə olduğu kimi, cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilib: 

"2017-ci ilin istehsal proqramı üzrə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişlərə uyğun olaraq məmulatların istehsalı, təmiri və utilizasiyası işləri yerinə yetirilmiş və onların təhvili həyata keçirilir. Hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur.
Cari ilin 11 ayının yekunlarına görə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artmışdır. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunmuşdur. Bu artım ixrac əməliyyatları hesabına təmin edilmişdir. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir.
2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məmulatların həcmi isə 42 dəfə artmışdır. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatmışdır.
Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan "Tufan” zirehli maşınını və digərlərini göstərmək olar".

O əlavə edib ki, 2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir:

"Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı "Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı təşkil olunmuşdur. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılmışdır. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilmişdir.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Artıq yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlər öz bəhrəsini verməkdədir. Belə ki, mülki məmulatların idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə regionlarda suya olan təlabatı ödəmək üçün "Azərsu” və "Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin sifarişləri əsasında Gəncə "Maşınqayırma” zavodunda illik istehsal gücü 3000 ədəd olan "Dalma” tipli dərinlik su nasoslarının istehsal sahəsi yaradılmış və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsi təmin edilməkdədir. Eyni zamanda, yerli xammaldan istifadə əmsalını artırmaq məqsədilə "AKKORD” Şirkətlər Qrupu ilə 20 min ədəd metal töküklərin (50 ton) hazırlanması üçün müqaviə bağlanmışdır.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası və s. vardır.
Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan "Tufan” milli zirehli nəqliyyat vasitəsinin, 12,7 mm-lik pulemyotla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulunun, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların hazırlanmasına yönəldilmişdir. Müdafiə Sənayesi Nazirliyinin respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və digərləri ilə birgə əməkdaşlığına əsasən bir sıra tədqiqat işləri aparılır.
Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılmışdır. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olmuşlar. Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanılmışdır. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artmışdır.
2009-cu ildən dövlət başçısının tapşırığına əsasən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi sonuncu təmsil olunduğu, cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən "İDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirmişdir. Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilmiş və böyük maraqla qarşılanmışdır. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək "ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunmuşdur"
.