Tofiq Cəfərov: "Saxta Qarabağ müharibəsi əlillərinə görə həqiqi döyüşçülər və şəhid ailələri ev növbəsində uzun müddət gözləməli olurlar.

Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir.Biz bu davamlı, bir an azalmayan qayğını daim hiss edirik. Axı, son illər ölkəmizdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarının pensiya və müavinətlərinin artırılması, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb.

Müharibə veteranı, Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat rotasının keçmiş komandiri Tofiq Cəfərov bildirib ki, son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir.

Məlumat verək ki, şərəfli həyat yolu keçən cəsur döyüşçü 1954-cü ildə Ağcabədi rayonunun Qaradolaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. İgid zabit işğalçılara qarşı ilk dəfə 1989-cu ildə Şuşa rayonunun Turşsu kəndində vuruşub. O, 1990-cı ildə Ağcabədi özünümüdafiə batalyonunun, 1992-ci ildə respublika müdafiə nazirliyi əlahiddə kəşfiyyat rotasının komandiri, 1993-cü ildən isə Ağcabədi hərbi polis şöbəsinin rəisi olub.

Onun başçılıq etdiyi hərbi birləşmələr Qarabağ ərazisində həyata keçirilən əməliyyatlarda ölüm-dirim savaşına girərək azğın düşmənə ciddi zərbələr vurub. Onlar Xocavənd rayonunun Əmrallar, Muğanlı və Kropatkino kəndlərində, habelə Haramı düzü istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunələri nümayiş etdiriblər.

T.Cəfərov Xocavənd rayonu uğrunda döyüşlərdə başından və ayağından yara almasına baxmayaraq, döyüş meydanını tərk etməyib, yoldaşları ilə birlikdə çiyin-çiyinə mübarizə aparıb. Atəşkəs elan edildikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Tofiq Cəfərov Qarabağ döyüşlərinin canlı şahidi kimi Xocalı, Şuşa və Laçının işğalı ilə əlaqədar respublika televiziyasında təşkil olunan görüşlərdə cəsarətli çıxışları ilə diqqəti çəkib.

O, Qarabağ müharibəsi əlili kimi "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" ilə təmin olunub. O, hazırda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru vəzifəsində çalışır.

"Öncə dediyim kimi mən 1992-ci ildə gedən döyüşlər zamanı iki dəfə yaralanmışam. Əsasən Ağdam, Xocavənd, Füzuli rayonlarda döyüşlərdə olmuşam. Xüsusi Təyinatlı Kəşfiyyat komandiri olduğum ücün ən ağır bölgələrə göndərilirdim. Mən kəşfiyyat komandiri olduğum vaxtlar rəsmi olaraq Müdafiə Nazirliyinin əmri ilə 42 döyüşdə iştirak etmişəm. Həmin sənədləri saxlayıram. Btün döyüşlər həyacansız, stressiz, qorxusuz keçmir. Ən ağır döyüşüm isə 1992-ci il avqustun 14-də və 17-də olub. Xocəvənd rayonu ərazisində. Hücüm uğurlu oldu. Lakin özümüzünkilər bu hücumu niyə dayandırdılar, mənə hələ də aydın deyil. Girov götürdüyüm Gurgen adlı erməni idi, o deyirdi ki, sizin hücumunuzda çoxlu erməni əsgəri ölmüşdü. Hamı qaçırdı Xankəndindən. Həmin dövr 2 aylıq atəşkəs elan olundu. O dövrün rəhbərləri ən böyuk səhvi onda etdilər.

Mən Qarabağ müharibəsinin ən ağır günlərində Vətənimi, torpağımı qorumağa getmişəm, ağır döyüşlərdə igid oğullarımızla bərabər iştirak etmişəm. İkinci qrup Qarabağ müharibəsi əliliyəm. 2004-cü ildən ehtiyyatda olan zabitəm,-deyə T.Cəfərov bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən Qarabağ müharibəsi əlillərinin bu günün tələblərinə uyğun hüquqlar var: "Belə ki, Qarabağ müharibəsi əlillərinə təmannasız ev, avtomobil, torpaq sahəsi və digər imtyazlar verilib. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərmanlar verilib. Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Prezident fərman imzalayıb. Bu fərman əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.

Dövlət başçısının imzaladığı sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

Qarabağ qazisi təəssüflə bildirib ki, bəzi məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmirlər: "Çox təəssüf ki, bəzi məmurlar qanunda, hüquqi sənədlərdə göstərilənlərə əməl etmir. Süründürücü mövqe tuturlar. Bu da haqlı olaraq Qarabağ müharibəsi əlilləri arasında narazılıq yaradır. Ümumilikdə Qarabağ müharibəsi əlilləri ilə bağlı sosial proqramlar istənilən qədər həyata keçirilir. Lakin bu fəaliyyət bir qurum tərəfindən həyata keçirilsə, daha yaxşı nəticə verə bilər. Hazırda pərakəndəlik var deyə Qarabağ müharibəsi əlili kimdən hansı hüququnu tələb etməsini bilmir. Vahid bir qrum olsa hamı bilər ki, kimə müraciət etsin.

Tofiq Cəfərovun sözlərinə görə bəzi şəxslər saxta Qarabağ müharibəsi əlili statusunu daşıyır: "Qarabağ əlillərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların maddi və mənəvi durumlarının yüksəldilməsi üçün əlavə imkanların yaradılmasını həmişə diqqət mərkəzində saxlayır. Hazırda da dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür. Ona görə də Qarabağ müharibəsi əlillərinin güzəşt və imtiyazlarından istifadə etmək üçün saxta veteran və əlil sənədlərini alırlar. Bu bir bəladır. Məsələn, saxta Qarabağ müharibəsi əlillərinə görə həqiqi döyüşçülər və şəhid ailələri ev növbəsində uzun müddət gözləməli olurlar. Artıq bu tip şəxslərin sıramızdan çıxarılmasının vaxtı çatıb. Yəni bu məsələnin araşdırılması ilə bağlı bir komissiyanın yaradılması vacibdir. Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər edilməlidir. Artıq Qarabağ əlilləri ilə bağlı yeni sənəd hazırlanmalıdır. Maraqlısı odur ki, həqiqi döyüşçü qıraqda qalır, saxtalar isə dövlətdən umub küsürlər. Narazılıq edənlərin əksəriyyəti onlar olur. Vətən üçün döyüşən oğullar təmannasız döyüşüblər və dövlət nə versə Allah bərəkət versin deyirlər.

Qarabağ müharibəsi əlili T.Cəfərov bildirib ki, o, bu günə kimi əksər imtiyazdan istifadə etməyib: "Qarabağ müharibəsi əlili olaraq nə mənzil, nə də avtomobil almışam. Heç bu barədə müraciət də etməmişəm. Baxmayaraq ki, bu gün də Ağcabədi şəhərində kirayədə qalıram. Bizdən öncə şəhid ailələri tam təmin edilməlidir, sonra biz, qarabağ əlilləri və veteranları. Biz nə qədər Qarabağda Azərbaycan bayrağını asmamışıq dövlətdən də çox imtiyaz tələb etməməliyik.

T.Cəfərov deyib ki, son illər Azərbaycanda şəhid ailələri, əlil və veteranlarının problemlərinin həlli istiqamətində onlarca ictimai təşkilat yaradılıb: "Qarabağ qaziləri, əlilləri, veteranları Azərbaycanın ən layiqli övladlarıdır, onlar hər zaman cəmiyyətdə dərin hörmət və ehtirama layiqdirlər. Azərbaycan dövləti həmişə əlilə, şəhid ailəsinə arxa, həyan olub.

Dövlət həmçinin şəhid ailələri, əlil və veteranlarının problemlərinin həlli istiqamətində yaranmış ictimai təşkilatları maliyyələşdirir. Mən hesab edirəm ki, qeyri-hökumət təşkilatları öz məsuliyyətini dərk etməlidir, onlara ayrılan maliyyəni şəffaf şəkildə istiqaməti üzrə xərcləməlidir. Məncə, onlarca təşkilatdansa, vahid bir veteran birliyi yaradılmalıdır. Mən təklif edərdim ki, Qarabağ Veteranlar Komitəsi yaradılsın və biz hamımız bütün müraciətimizi o təşkilata edək və həmin təşkilat da dövlət qarşısında vacib məsələlər qaldırsın. Hal-hazırdakı veteran birlikləri ləvğ edilərək komitənin yaradılması vacibdir. Ola bilsin ki, çoxlarının bu təklif xoşuna gəlməsin. Ancaq biz bu vacib məsələni kökündən həll etmək istəyiriksə vahid birlikdə birləşməliyik.

T.Cəfərov xatırladıb ki,Azərbaycan müharibə şəraitindədir: "Belə halda vətəndaşlar, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır. Dövlətimizin də bunu nəzərə alaraq, şəhid ailələrinin mənzil və məişət problemlərinin həllini öz üzərinə götürməsi nümunəvi, təqdirəlayiq haldır.

Elcan İbrahimov