Bakıdakı bazarlarda satılan nehrə yağının bir kiloqramının qiyməti ilə bölgələrdə satılan eyni adlı yağın qiyməti arasında 2-3 manat fərq var. Məsələ burasındadır ki, çətinliklə əldə edilən nehrə yağı paytaxda daha ucuz satılır. Bu isə nehrə yağının keyfiyyətinə şübhələr yaradır.

Unikal.org Xezerxeber-ə istinadən bildirir ki, nehrə yağının rayonda bir kiloqramı 10-11, Bakıda isə 8-8 manat əlli qəpiyə satılır. Məsələn, Bərdə bazarında çiyə yağı 10, nehrə yağı isə 11 manata təklif olunur.

Paytaxtın Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında isə qiymət bölgələrdən təxminən 2-3 manat aşağıdır. Halbuki, paytaxt bazarlarına gətirilən nehrə və çiyə yağlarının əksəriyyəti məhz bölgələrdən gətirilir.

Araşdırma nəticəsində məlum olub ki, 8-ci kilometr bazarında satılan nehrə yağının bir kiloqramı Bərdə bazarında satılan eyni adlı yağın qiymətindən ucuzdur. Bakında bazara nehrə yağı əsasən Daşkəsən, Gəncə, Qazax və Şəki rayonlarından gətirilir.

Paytaxt bazarında bəzi satıcılar iddia edir ki, qiymətin ucuz olmasına baxmayaraq, müştərilərinə təmiz nehrə yağı satırlar. Satıcılardan qiymətlərin belə ucuz olmasının səbəbini soruşduqda isə, onlar bunu müxtəlif səbəblərlə izah etdilər. Satıcılar bildirdi ki, hazırlanan bu yağ nehrənin özündə yox, mixserlə qatışdırıldıqdan sonra alınır.

Məsələ ilə bağlı 21 saylı Baytarlıq Laboratoriyasının müdir əvəzi Zəkiyyə Əliyeva bildirib ki, bazara gətirilən yağ məhsullarının keyfiyyətinə nəzarət məqsədilə analizlər götürülür. Satıcılara da bildirlib ki, satılan məhsulun nehrə və ya çiyə yağı olub-olmaması ilə bağlı alıcılara dəqiq məlumat versinlər. Qurumdan həmçinin o da bildirildi ki, məhsulun keyifyyəti ilə bağlı alıcılar hər hansı problemlə qarşılaşdıqda dərhal bazarda fəaliyyət göstərən laboratoriyaya müraciət edə bilərlər.

Bəs keyifiyyətli nehrə yağının baha olmasına səbəb nədir? Mütəxəsisslər bildirir ki, əsl nehrə yağını saxtasından seçmək çətin olasa da tövsiyə olunur ki, yağın əvvəlcədən dadına və qoxusuna fikir versinlər.