SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
"Oyuq”çular yaşıdlarını sevindirdilər - FOTO
MƏDƏNİYYƏT-ŞOU 16:29 / 12.01.2018
Uşaqların mənəvi-estetik zövqünün formalaşması ilə yanaşı xeyriyyə aksiyaları, sosial layihələr, balacaların cəmiyyətə inteqrasiyasına yönələn işləri də əsas missiyası hesab edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tədbiri reallaşdırdı.

Belə ki, yanvarın 12-də teatrın bir qrup aktyoru və teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular.

Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı, aktyorlar Rəhilə İbadova, İqbal Əliyev, Cavid Telman və digərlərinin çıxışları alqışlarla qarşılandı.

"Oyuq” teatr-studiyasının istedadlı yetirmələri Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Selcan Rzayeva, Ağa Şeydayev, Fərəh Hüseynovanın ifa etdikləri rəngarəng mahnılar, nümayiş etdirdikləri rəqslər həmyaşıdlarının sevincinə səbəb oldu.

Qeyd edək ki, bu teatrın fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına xidmət edən "Əlimdən tut” adlı sosial-maarifləndirici aksiyasının davamı idi.