"Artıq 88 yaşım var. "Hobbi, "asudə vaxt kimi anlayışlar mənim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Bununla belə, deməliyəm ki, ömür boyu asudə vaxtlarımın böyük hissəsini mütaliəyə, futbola və fotoqrafiyaya həsr etmişəm."

Unikal.org xəbər verir ki, bu sözləri azertac-a SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə müsahibəsində bildirib.

"Müdriklər, tarixi şəxsiyyətlər və məşhur yazıçılar kitabı bizə bilik mənbəyi kimi nişan verib, özlərinin ən yaxşı keyfiyyətləri üçün məhz kitaba minnətdar olduqlarını bildiriblər. Mən də o fikirdəyəm ki, kitabdan gen düşən adam cəmiyyətin ümumi inkişafından kənarda qalar, onun üçün mədəni və mənəvi zənginlik yolu oxuduğu sonuncu kitabla qurtarar. Xoşbəxtəm ki, mənim kitabla dostluğum, ünsiyyətim uzun illərdir davam edir və ömrümün sonuna qədər də davam edəcək.

Futbolu da mən uşaqlıqdan sevmişəm. Məktəb illərində o qədər top "qovmuş, o qədər yıxılıb-durmuşam ki! Sonra tale məni dənizə - dalğalar qoynuna aparıb çıxardı. Daha dostlarla birlikdə futbol oynamaqdan söhbət gedə bilməzdi. Estakada futbol meydançası deyildi: burada gecə-gündüz işləmək, yeni-yeni yataqlar aşkar etmək, neft və qaz hasilatını artırmaq lazım idi.

Lakin mən futbola "əlvida demədim. Milyonların qəlbinə hakim kəsilən bu gözəl oyunun sədaqətli azarkeşi oldum. Sevimli komandam "Neftçidir. Amma 2017-ci ildə Çempionlar Liqasında gözəl oyun nümayiş etdirib, qrup mərhələsinə adlayanda "Qarabağ da mənə "Neftçi qədər əziz oldu. Təəssüf ki, mən indi əsasən teleazarkeşəm, yəni futbol oyunlarını televiziya vasitəsilə izləyirəm və stadionlara nadir hallarda gedirəm.

Amma fotoşəkil çəkməyi indi də çox xoşlayıram. Çəkdiyim fotolar adamların xoşuna gələndə elə bil mənə dünyanı bağışlayırlar.

O ki qaldı, musiqiyə-¦ Bilirsiniz, məşhur tarzən, Azərbaycanın Xalq Artisti Həbib Bayramov mənim qayınım idi. Dünyaşöhrətli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Arif Məlikov ən yaxın dostlarımdan biridir. Ən sevdiyim müğənni isə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Rəşid Behbudov olub. Bu gün də onun lent yazılarını, vallarını saatlarla dinləyə bilərəm. İndi özünüz fikirləşin ki, musiqi mənim üçün nədir.

Kinoya da baxıram, teatra da gedirəm, amma təəssüf ki, daha hər həftə, hər ay getmək mümkün olmur. Bəzən teatra SOCAR-ın baş ofisinin əməkdaşları ilə birlikdə gedirəm. Dost-tanışla da bəzən orada görüşürəm.

Dostlar, qohumlar tez-tez görüşməlidirlər, görüşməyəndə yadlaşırlar. Bu isə təkcə qohumluq, dostluq əlaqələrini itirmək deyil, həm də adət-ənənələri, mənəvi dəyərləri, eləcə də ürəklərdə xatirələri itirməkdir. Buna isə yol vermək olmaz. Dünyanın ən gözəl hobbisi insanların bir-birləri ilə görüşləridir. Digər hobbilər isə sadəcə olaraq, məşğuliyyətdir-¦"