Xalq artisti Çingiz Sadıxov Təzəpir məscidində keçirilən vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn edilib.

Fəxri Xiyabandakı mərasimdə dəfn komissiyasının üzvü Fatma Abdullazadə, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Eldar Quliyev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlov iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət ordeni ilə təltif edilib.

1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb. Prezident İlham Əliyevin göstərişi ilə cənazəsi Azərbaycana gətirilib.

12:19


Bakıdakı "Təzəpir məscidində tanınmış azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi başlayıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, vida mərasimində xalq artistinin xanımı Ceyran Sadıxova, qızları Lalə və Nərgiz Sadıxova, nəvəsi Rüstəm Sadıxov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

O, Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, "Azkonsert yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da vəfat edib.