Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun "Yer və Səma adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondundan Unikal.org-a verilən məlumatagörə, Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib.

Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov çıxış ediblər. Tatyana Beqova və İvan Beqov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirib, bu sərginin Heydər Əliyev Mərkəzində açılmasının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar. T.Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb. Leyla Əliyeva bu gözəl gecənin təşkilinə görə təşəkkür edib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında "Dənizçinin rəqsi, "Evə qayıdış, "Yığılmış ot, "Biçilmiş tarla, "Ağ ay, "İş adamı Petya əmi və digər əsərlər var.

Rusiya Federasiyasının Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Fransa Akademik Cəmiyyətinin qızıl medalı kavaleri Aleksey Beqov 1951-ci ildə Ukraynada, Kiyev vilayətinin Kozın kəndində anadan olub. Rəssam 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyətdə tanınmağa başlayıb. Aleksey Beqov 1991-ci ildə "Dünya səddi beynəlxalq aksiyası çərçivəsində 10 metrlik "XX əsrin sonu rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub. 1995-ci ildə Aleksey Beqovun Rusiya Dövlət Tretyakov Qalereyasında fərdi sərgisi keçirilib. Müxtəlif illərdə Rusiyada, eləcə də bir sıra ölkələrdə fərdi və birgə sərgilərlə çıxış edib. Aleksey Beqov 2014-cü ildə vəfat edib.

Rəssamın əsərləri Rusiya Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət Muzeyi, Vaşinqton şəhərinin Vəkillər Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının, eləcə də dünyanın bir sıra tanınmış şəxslərinin kolleksiyalarında yer alıb. Aleksey Beqovun Heydər Əliyev Mərkəzində təşkil olunan fərdi sərgisi mayın 1-dək davam edəcək.