SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
Zaqatalada daha bir yolun tikintisinə başlanılıb - VİDEO - FOTO
CƏMİYYƏT 09:54 / 22.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi işlərinə başlanılıb.
 
Agentlikdən unikal.org-a verilən məlumata görə, 37,5 km uzunluğu olan sözügedən avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
 
Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.
 
Bu işlərə paralel olaraq yol boyu süni qurğuların inşası aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 12 və 18 metr uzunluqlara malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. Yeni suötürücü boruların tikintisi və daha 1 ədəd 12 metrlik körpünün inşası istiqamətində işlər davam etdirilir.
 
Torpaq işləri bitəndən sonra yolun 220 min kvadratmetrdən çox hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllıqla aparılan tikinti işləri yol boyu yerləşən 7 yaşayış məntəqəsinin 23 min nəfər əhalisinin ürəyincədir. Çünki əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemlər artıq geridə qalır.