Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Zərdüşt Əlizadə Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olan Xudu Məmmədovu əsəbləşdirdi və onun ürəyi oradaca partlayıb öldü: "Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi və ordaca ürəyi partlayıb öldü.

Zərdüşt Əlizadə millət vəkili Fəzail Ağamalının fikirlərinə Unikal.org vasitəsilə ironiya ilə cavab verib:

"Təxminən sözügedən tədbirdə 70-ə yaxın adam var idi. Üzeyr Hacıbəyovun ev muzeyinin zirzəmisində yığıncaq keçirilirdi. Mən xəncəri götürüb Xudu Məmmədovun başını kəsdim. Sonra onun başını əllərimlə götürüb, tədbir iştirakçılarına göstərdim. Sonra hadisə ilə bağlı milis məni tutmağa gəldi və bu zaman Nemət Pənahovun mənə verdiyi "sprafkanı milisə göstərdim. Milis də "sprafkanı oxudu və gördü ki, mən KKB-nin agentiyəm. Bundan sonra mənə dedilər ki, sənə ölüm yoxdu və azadsan. Fəzail Ağamalının sözlərini mən bir daha təsdiqləyirəm.

Zərdüşt Əlizadə millət vəkili Fəzail Ağamalının fikirlərinə ironik cavab verməsinin səbəbini də açıqlayıb:

"Fəzail Ağamalının dediklərinə mən yanlız bu cür şərh verə bilərəm. Vallah heç məni maraqlandırmır belə adam var, ya yox! Azərbaycanın bu günki günündə o cür adamların böyük xidmətləri var. Bunun əvəzində gedib oturublar Milli Məclisdə guya ki, xalqı təmsil edirlər! İy gəlməsin deyə, belə adamın sözlərinə cavab verməklə bulanmaq istəmirəm.
Təbii ki, bu barədə kitabımda yazmışam. Həmin görüşdə, İsa Qənbər, Fərhad Bədəlbəyli, Nemət Pənahov, Eldar Quliyev və digərləri də iştirak ediblər. Onlardan bu haqda daha geniş cavab ala bilərsiz.

Amid Əyyuboğlu