Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.

DİN-in mətbuat xidmətində unikal.org-a daxil olan məlumatda bildirilib ki, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırmalarla F.Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirməsi müəyyən edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.