SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
İşdən çıxan icra başçısı müavininin başı dərddə - FOTOLAR
CƏMİYYƏT 17:52 / 23.01.2018
Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Sərviz Süleymanov vəzifəsindən azad edilib.

İcra hakimiyyətindən unikal.org-a bildirilib ki, Sərviz Süleymanov öz ərizəsi ilə işdən azad olunub.

Belə ki, işindən azad olunması üçün S.Süleymanov icra başçısına ərizə ilə müraciət edib və işdən çıxarılıb. Mövzu ilə bağlı Unikal.org-a ilginc məlumatlar daxil olub. Həmin məlumatlardan belə görünür ki, S.Süleymanovun postundan kənarlaşdırılması heç də sadə səbəblərlə bağlı deyilmiş. Belə ki, icra başçısının sabiq müavinin adı çoxsaylı qanunsuzluqlarda hallanır.



Məlumata görə, S.Süleymanov Abşeron rayonunun bir çox yerlərində, xüsusilə Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşları aldadaraq, onların üst-üstə onlarla hektar torpaq sahəsini ələ keçirib. Həmin torpaq sahələrinin bir qismi icra başçısının sabiq müavininin həyat yoldaşının adına sənədləşdirilib.

Bu azmış kimi, S.Süleymanov Saray qəsəbəsində 64 həyətyanı evin tikilib, vətəndaşlara satılması ilə bağlı da özbaşınalığa yol verib. Nəticədə zərərçəkən vətəndaşların ciddi narazılığı yaranıb. Hazırda onların S.Süleymanovun əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşdığı bildirilir.



Bu isə sabiq müavini qarşıda kifayət qədər gərgin günlərin gözlədiyini deməyə əsas verir. Belə ki, onun haqqında vətəndaşların çoxsaylı şikayətləri əsasında qanuni ölçü götürülməsi istisna olunmur. Yəni S.Süleymanovun yalnız vəzifəsini deyil, azadlığını itirməsi də kifayət qədər gözləniləndir.

Qeyd edək ki, Sərviz Süleymanovun adı indiyədək mətbuatda dəfələrlə vətəndaşlara qarşı qanunsuz hərəkətlərdə hallanıb. Onun hətta qanuni tikililəri də sahiblərinin xəbəri və razılığı olmadan, özbaşına şəkildə sökdürdüyü barədə faktlar məlumdur.



Sabiq müavin bütün bu əməllərinin qarşılığında isə özünə kifayət qədər geniş biznes şəbəkəsi qura bilib. Belə ki, S.Süleymanovun yalnız Abşeron rayonunun müxtəlif ərazilərində deyil, paytaxt Bakı və Sumqayıtda da çoxsaylı ticarət obyektlərinə sahib olduğu deyilir. Həmin obyektlərin bir qismi həyat yoldaşının, bir qismi isə keçmiş müavinə yaxınlığı ilə bilinən başqa şəxslərin adınadır.

Deyilənlərdən bir daha bu aydın olur ki, S.Süleymanovun istefa ərizəsi yazması sadə səbəb və ya səbəblərlə bağlı deyil. Sabiq müavin işdən getmək məcburiyyəti qarşısında qaldığından belə addım atıb və görünən odur ki, Süleymanovun adı ətrafında daha qaynar proseslər hələ bundan sonra cərəyan etməyə başlayacaq.

Orxan Həsənli