Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın "Blackstone şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, "Blackstone şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev "Blackstone şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub.


Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Prezident İlham Əliyev məktubunda Krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və "Saudi Ramko şirkətləri arasında işbirliyindən danışıldı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

***

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Microsoft şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. "Microsoft ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.


xxx

Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Unikal.org-un Gürcüstanın hökumət administrasiyasının məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və uğurla həyata keçirilən birgə layihələr barədə müzakirə aparılıb.

Tərəflər istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu layihə böyük rol oynayır və regionda yeni imkanlar yaradır.

Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd ediblər.