Beş min illik tarixə malik nərddən bu günə qədər 100-ə yaxın oyun törəyib. Bu oyunlardan birini də azərbaycanlı alim Rəsul Əhmədov təkmilləşdirib. O, bu yeniliyinə görə patent də alıb.

Unikal.org bildirir ki, Rəsul Əhmədovun hazırladığı nərd adi qaydada oynanılan nərd oyunlarından xeyli fərqlənir. Burda saylar və xanalar çox olduğundan gediş kombinasiyaları da artır.

Rəsul Əhmədovun nərd oyunu qeyri-adi olması ilə yanaşı, oyun zamanı oyunçuları daha çox düşünməyə vadar etməsi ilə də fərqlənir. Burda qaydalar fərqli olduğundan uduzmaqda olan oyunçu son anda qalib də gələ bilər. Artıq bu oyunun rəsmi qaydada patenti alınıb.

Rəsul Əhmədov bundan əlavə bir neçə oyun da hazırlayıb. Onun uşaqlar üçün ərsəyə gətirdiyi intellektual oyunu bacarmaq üçün isə sadəcə 4-ə qədər saya bilmək kifayətdir.

İxtisasça kimyaçı olan Rəsul Əhmədovun hazırladığı oyunlara beynəlxalq idman arenasında da maraq böyükdür. Onun sözlərinə görə, dünya üzrə keçirilən nərd çempionatı zamanı hazırladığı nərdlər də nümayiş olunub və hər dəfə o, belə mötəbər yarışlara dəvət alır.

Alimin fikrincə, bu oyunlar ölkəmizin ixtirası kimi dünyaya çıxarılarsa, böyük səs-səda doğurar və Azərbaycan dünya idmanında daha bir ilkə imza atar.