SON XƏBƏRLƏR
25 Fevral 2018
Azərbaycanda açıq şəkildə soyuq silahlar, insanları çılpaq göstərən eynəklər SATILIR - Hüquqşünasdan AÇIQLAMA
CƏMİYYƏT 14:16 / 08.02.2018
Azərbaycanda istifadəsi, satışı, saxlanması qadağan olunan soyuq silahlar və texniki qurğular açıq şəkildə satılır. Bunlar "instagram”da xeyli izləyicisi olan "1001_online_magaza” hesabı vasitəsi ilə sifariş verilərək ölkəyə gətirilir. Profildə qeyd olunan məlumata görə sifariş olunan mallar 14 gün ərzində gətirilib, müştərilərə çatdırılır.

Səhifə soyuq silahlarla yanaşı, insanları çılpaq göstərən eynəklərin də satışını həyata keçirir.

Qadağan olunmuş soyuq silahların Azərbaycana gətirilməsi və satışı necə mümükündür?

Hüquqşunas Mehman Muradlı Unikal.org-un sualını cavablandırıb:



"Belә mәhsulların ölkәyә gәtirilmәsi qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin dispozisiyasına əsasən qeyd edilən ləvazimatlar soyuq silah hesab edilir. Həmin maddəyə əsasən islah işlərindən tutmuş, 8 il azadlıqdan məhrumetməyə qədər sanksiya tətbiq edilə bilər”.

M.Muradlı diqqətə çatdırıb ki, insanları çılpaq göstərən eynəklərin ölkəmizdə satışı qadağandır: "Əxlaq pozğunluğu, zorakılığı, terrorizmi tәbliğ vә reklam edәn materialların Azərbaycana gәtirilmәsi qadağa qoyulan mallar siyahısına daxildir. Onlar bu əməli törətməklə 3 il müddәtinә azadlıqdan mәhrumetmә ilә cәzalandırıla bilәrlər".

Hüquqşünas qələm, alışqan, düymə kimi əşyalarda yerləşdirilən mini gizli kameraların gətirilməsi və satışı məsələsinə də münasibət bildirib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215-ci maddəsi, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən keçirildikdə, müvafiq icazə sənədləri tələb olunur”.

Aygün İlqarqızı