Yolda halı pisləşən Lənkəran sakininin həyatını polis əməkdaşı xilas edib. Ona ilkin tibbi yardımı da elə polislər edib.

Unikal.org apatv-yə istinadən xəbər verir ki, Lənkəran rayonunun Şıxəkəran kənd sakini İradə Hüseynova həyat yoldaşı Sərraf Kərimovla birgə Bakıdan qayıdırmış. O, mədə-bağırsaq sistemində problem olduğu üçün mütəmadi olaraq paytaxtda həkim müayinəsindən keçirmiş. Bu dəfə də müayinədən qayıdarkən yolda səhhətində problem yaranıb və dili qatlanıb:

"Biz yolda gələndə vəziyyətim pisləşmişdi. Və yoldaşım da yolda özünü itirmişdi. Polis yaxınlaşdı, dedi, ağsaqqal nə olub. Dedi, yoldaşımın vəziyyəti ağırdır. Məni apardılar Salyan postuna, orda mənə yardım etdilər. Mənim vəziyyətim çox pis idi. Özümü çox pis hiss edirdim, özümdə deyildim. Çox sağ olsun o polislər. Saxlamasaydılar, vəziyyətim çox ağır ola bilərdi".

Sərraf Kərimov da xanımının həyatını xilas edən yol polisi əməkdaşlarına təşəkkürünü bildirib: "İki əməkdaş gəldi, yoldaşımın qolundan tutub saldılar içəri. Ona yardım elədilər. İynə-dərman maşında var idi. Dərman verdilər, bir yarım saatdan sonra yoldaşım özünə gəldi. Sağ olsunlar ki, bizə orda xidmət elədilər. Maşını biz saxlamasaydıq, bəlkə də yolda keçinə bilərdi. Ağzından köpük gəlirdi, dili tutulmuşdu".

Hadisə vaxtı Salyan postunda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu taqımının baş çavuşu Yusif Məcidov deyir ki, həmin gün "Mercedes markalı avtomobilin qəza işıqları ilə idarə olunduğunu görüb. Dərhal maşını saxlatdıqda isə İradə Kərimovanın halının pis olduğu haqda məlumat alıb və ilkin yardım göstərib. Elə təcili tibbi yardıma da oradaca məlumat verilib: "Ona yaxınlaşaraq özümü təqdim etdim. Sürücü yanında əyləşən öz xanımının xəstə olduğunu, vəziyyəti ağır olduğunu bildirdi. Mən ona köməklik edərək posta dəvət etdim. Ona ilk tibbi yardım - nə lazım idisə, onu etdim. Dərmanları verdim və təcili yardıma müraciət etdim. Təcili yardım gələnə kimi xanım özünə gəldiyini bildirdi və getməli olduğunu dedi. Onları yola saldım getdilər".

Sərraf Kərimov Lənkərana çatdıqdan sonra yol polisi əməkdaşının insanpərvər davranışına görə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb.