Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi və dispanserizasiyası İsmayıllı rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.

Unikal.org xəbər verir ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov bildirib ki, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 23 nəfərdən ibarət (özü sədr olmaqla) mütəxəssislərin və məsul şəxslərin iştirakı ilə komissiya və işçi qrupları yaradılıb. Müayinə başlananadək təchizat problemləri həll edilib, tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib. Mərkəzi xəstəxana, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanaları daxil olmaqla 16 yerdə əhalinin tibbi müayinəsi keçirilir. Bu günədək 3146 nəfər tibbi müayinədən keçirilib. Onlardan 69 nəfəri ambulator müalicəyə, 14 nəfəri stasionar müalicəyə qəbul olunub, 11 nəfər Respublikanın ixtisaslaşmış müalicə müəssisələrinə göndərilib.

Əhali bütünlüklə bu dəyərli aksiyaya, hər bir vətəndaşın sağlamlığı qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirir.

Mərkəzi xəstəxana və uşaq poliklinikasında hərtərəfli müayinədən keçən İlham Abbasov, Oqtay Süleymanov, Kamran Muradov, Lətifə Əliyeva pulsuz tibbi müayinə aksiyasından razı qaldıqlarını, ölkə rəhbərinə minnətdarlıq ediblər.

Şəhərin Heydər Əliyev prospekti 13 nömrəli evdə yaşayan 92 yaşlı Zalikə Baxşıyevanı həkimlər evində müayinə ediblər. O da Prezident İlham Əliyevə bu qayğıkeşliyinə görə təşəkkürünü bildirib.
İsmayıllı əhalisi hər il keçirilən tibbi müayinəni yüksək qiymətləndirir. Sağlamlıq baxımından daha ümidli olan insanlar hər bir sahədə daha səmərəli fəaliyyət göstərirlər.

Həmçinin Novruz bayramı ilə əlaqədar hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı və digər ərzaq məhsullarının satış-yarmarkası keçirilməsi qərara alınıb. İlk yarmarka 17 fevral 2018-ci il tarixdə "Yaşıl bazarda təşkil olunub. Bütün icra nümayəndəlikləri və bələdiyyələr, fermerlər ərazilərində istehsal olunan məhsullarla satış-yarmarkada iştirak ediblər. İvanovka, Talıstan, Topçu, Qurbanəfəndi, Qalınçaq kəndləri yarmarkaya daha çox çeşiddə məhsul çıxarıblar. Bazar qiymətindən 15-20 faiz aşağı qiymətə alınan heyvandarlıq məhsulları, kartof, alma, nar, noxud, göyərti və digər növ məhsullar bolluğu və keyfiyyəti ilə alıcıları razı salıb.

Yarmarka nahardan sonra da davam edib.