20-22 fevral 2018-ci ildə Vyanada "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa biznes-forumu keçirilir.
Yığıncaqda ölkəmizi "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

"Azərbaycan Dəmir Yolları QSC-dən unikal.org-a verilən məlumata görə, Forumda Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov, Avstriya nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hofer, "Rusiya dəmir yolları ASC-nin sədri Oleq Belozyorov, "ÖBB-Holding AG-nin baş direktoru Andreas Matte, Beynəlxalq dəmir yolu nəqliyyatı komitəsinin sədri Jan-Lük Düforno, İtaliya dəmir yollarının beynəlxalq fəaliyyəti üzrə vitse-prezidenti Jovanni Rokka, "FERRMED assosiasiyasının prezidenti Hoan Amoros, eləcə də "enli və "ensiz izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və bank sektorunun rəhbərləri iştirak edirlər.

Ümumilikdə 24 ölkədən 250 nümayəndənin - dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərlərinin qatıldığı tədbir sabah davam edəcək.

Forumda "Avrasiya və Yeni İpək Yolu: Bir-birinə doğru layihələrinin ümumi müzakirəsi keçirilir. İştirakçılar burada Şərq-Qərb marşrutu üzrə dəmir yolu tranzitinin sürətini və keyfiyyətini artırma imkanlarını da nəzərdən keçirirlər. Həmçinin tədbirin ayrı-ayrı sessiyalarında beynəlxalq logistika problemləri, dəmir yolu infrastrukturunun maliyyələşdirilməsi və tikintisi, 1520 və 1435 izli dəmir yollarının texnoloji əlaqələndirilməsinin yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Forumda "Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini İqbal Hüseynov çıxış edib. O, bildirib ki, strateji təfəfdaşlığın genişləndirilməsində forumun böyük əhəmiyyəti var. Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və beynəlxalq layihələrin reallaşmasında aktiv iştrak edir.

Natiq sonra Şimal-Cənub, Cənub-Qərb, Şərq-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ili oktyabr ayında açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib.
Forum çərçivəsində əməkdaşlıqla bağlı beynəlxalq sazişlər imzalanacaq.