SON XƏBƏRLƏR
26 Aprel 2018
25 Aprel 2018
"Qarabağın səsi" adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirildi - FOTO
CƏMİYYƏT 16:45 / 24.02.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, Prezident Administrasiyasının şöbə müdirləri, müxtəlif dövlət orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, Olimpiya çempionları, "ASAN xidmət" əməkdaşları, KİV, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox əsər qəbul olunub. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində "Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş bügünkü tədbir "Qarabağın səsi" aksiyasına qoşulan və münsiflər heyəti tərəfindən seçilən ən təsirli və diqqəti cəlb edən əsərlərin sərgisi ilə başlanıb.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlı insanlara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə törətdiyi Xocalı soyqırımına dair fakt və sübutları özündə əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi” aksiyası layihəsinin gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri Xocalı soyqırımı ilə bağlı hazırlanmış çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim edilib. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər də səsləndirilib.

Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edərək xalqımızın qan yaddaşının qorunması, məruz qaldığı müdhiş faciələrin dünyaya çatdırılması istiqamətində bu cür davamlı tədbirlərin və aksiyaların keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya erməni işğalının və vəhşiliklərinin qurbanları, o cümlədən bütün xocalılılar adından minnətdarlığını bildirib.

Sonra Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq xalq artisti, dövlət mükafatı laureatı, görkəmli kinorejissor Vaqif Mustafayev tərəfindən çəkilmiş "Dərdimi çəkirəm” filmi nümayiş olunub.