Unikal.org  tanınmış teleaparıcı Ceyhun Səfərin milli.az-a müsahibəsini təqdim edir

- Ceyhun, bu gün sizin ad gününüzdür. Ad günlərinizi adətən necə keçirirsiniz?

- Hə, gəlib 40 yaşa da çatdıq. Allaha şükürlər olsun ki, mənə bu günü də görməyi nəsib etdi. Az yaş deyil. Adətən evdə qeyd edirəm. Ad günümü heç vaxt restoranda, hansısa bir yerdə təmtəraqla qeyd etməmişəm. 40 yaş yubiley olsa da, deyirlər qeyd olunmur. Ona görə də bu yaşımı qeyd etmirəm. İşdəyəm. Evə gedəndə bəlkə tort aldım. Üstünə isə heç bir rəqəm və ya şam qoymaq istəmirəm. Şam söndürməkdən qorxuram. Bilirəm ki, bir adətdir. Amma mən hər kəsin ömür şamının sönməz olmasını istəyirəm. Məncə ömür şamı, yalnız bir dəfə (Allah gecindən versin) sönməlidir.

- Saçınız vaxtından tez ağarıb. Bu genetikdir, yoxsa zamanında çəkdiyiniz əziyyətli günlərin bir nişanəsidir?

- Saçımın dəqiq hansı yaşda ağardığını yada sala bilmirəm. Amma təsəlli yeri var. Aralarında hələ ki, ağ olmayanlar da var. Bir tərəfdən də belə bir deyim var ki, saçın tez ağarması xoşbəxtlik əlamətidir. Bunu özümə bir dərd etmirəm. Bu da bir kamillik nişanəsidir.

- Çox istərdim uşaqlıq illərinizdən danışaq. Necə bir ailədə böyümüsünüz?

- Ziyalı ailəsində doğulmuşam. Kənd yerində. Uşaqlığım mal-qara otarmaqla keçib. Çox xoşbəxtəm ki, belə bir yerdə - Xaçmaz rayonunun Yergüc kəndində doğulmuşam. Anamı uşaq vaxtında - 10 yaşım olanda itirmişəm. Atam isə ötən il rəhmətə gedib. 1 bacı 4 qardaşıq.

- Xəbər aparıcısı olmaq öz seçiminiz olub, yoxsa kimsə sizi bu sahəyə istiqamətləndirib?

- Özüm heç vaxt belə düşünməmişəm. Aparıcı olacağımı ağlıma gətirməzdim. "İnternyus-Azərbaycan" təşkilatında kəşf olundum. İsmayıl Vəliyev məni ortaya çıxardı. Daha sonra tanınmış insanlar- ruhu şad olsun Rafiq Hüseynov, Qulu Məhərrəmli, Dilarə Səlimova, Lalə Ədalətqızı, Xəyal Tağıyev, Vladimir Pozner (Rusiya), Erik Mey (Almaniya) və başqalarından dərs aldım.

- Sizi yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, yumor hissiniz daha güclüdür. Niyə məhz xəbər aparıcısı oldunuz?

- Düzdür, zarafatı xoşlayan insanam. Bir çoxları bu xasiyyətimə görə daim məndən müsbət enerji alır. Necə deyərlər özləri qaraqabaq olsa da, mənim canımın "sok"unu çəkirlər (zarafat). Orta məktəbin son siniflərində, doğulduğum Xaçmaz rayonunun mədəniyyət evində kiçik komik rollar oynamışam. O zaman deyirdilər ki, "bundan yaxşı aktyor olar". Amma nədənsə maraq göstərmədim. Tamaşıçılarım elə anlamasın ki, mən xəbər efirində də aktyorluq edirəm. Bu heç də belə deyil. Aktyorluq qaldı 22-24 il əvvəldə.

- Sənətdə idealınız kim olub?

- Mənim idealım olmayıb. Bilirsiniz niyə? Ona görə ki, əvvəldən aparıcı olmaq istəməmişəm ki, kimisə özümə ideal seçim. Bu qəflətən baş verib. Sadəcə bəyəniblər və dəvət edib, iş veriblər. O zaman mənə dedilər ki, ("İnternyus-Azərbaycan"da) bizə imicini dəqiq de, sənə sertifikat verək. Dedim "mən balacadan böyüyə qədər, ucqar kənd sakininin də həmsöhbəti olmaq istəyirəm. Onlar məni ekranın özləri olan tərəfində görsünlər. Sanki oturub onların yanında xəbər oxuyuram". Bəyəndilər. Bilmirəm nə qədər bu alınır, amma çalışıram. Idealım da elə dediklərimdir. Burda bir məqam da yadıma düşdü. Yeni aparıcılıq edəndə, bu Gəncədə olub. Mənim bığlarım var idi. Çox adam təkid edirdi ki, bığlarımı qırxım. Hətta seminarda rəhmətlik Rafiq Hüseynov zarafatla dedi ki, mənim də cavanlıqda bığlarım olub, onları qırxarsan. Mən də elə etdim. Yoxsa indi bir bığlı xəbər aparıcısı da var idi (gülür).

- Hətta yadımdadır bir dəfə xəbərlər proqramının sonunda sağollaşarkən gülüşə qərq oldunuz. İlk dəfə idi ki, ciddi xəbər aparıcısı kameralar tərəfindən belə görüntülənirdi. Nə baş vermişdi?

- Olub belə hallar. Bəzən son anda gülməyimi və ya öskürməyimi saxlaya bilmişəm. Canlı efirdə nə desəniz ola bilər. Heç bir aparıcı bundan sığortalanmayıb. Məni də güldürən həmkarım idman aparıcısı Vüsalın bir sözü oldu. Yadıma düşdü və çətinliklə sağollaşdım. Bunu hətta "Qarabağ" futbol komandasının məğlubiyyəti ilə əlaqələndirib yazanlar da oldu. Guya buna gülmüşəm. Nə isə... olur da.

- Elə bir efiriniz olubmu ki, çıxmağa tərəddüd etmisiniz?

- Mövzu baxımdan yox, öz durumuma görə çıxmaq istəmədiyim efirlər olub. Ötən ilin oktyabrında atam rəhmətə getməzdən 2 gün öncə saat 18.00 efirinə az qalırdı. Qardaşım zəng edib dedi ki, kəndə gəlsən yaxşı olar. Atanın səhhəti çox ağırlaşıb. O efirə çox çətinliklə çıxdım. Səhəri günü getdim. Atamı son dəfə gördüm.

- Həyatın bu ağır sınağından necə çıxdınız?

- İnanın ki, hələ də çıxa bilməmişəm o sınaqdan. Heç vaxt inanmazdım ki, atam üçün bu qədər darıxacam. Elə bilirdim ki, o heç vaxt ölməyəcək. Çünki sağlam idi. Qəflətən pis oldu. 85 il yaşadı. Böyük qardaşım deyəndə ki, atamız qalmayacaq, vəziyyəti ağırdır. Mən hətta dedim ki, nə danışırsınız, o, çox sağlamdır, ən azı 95 il yaşayacaq. Qismət. Həyat belədir. Onun hələ də kənddə olduğunu düşünürəm. Elə bilirəm ordadır, uşaqlığımız keçən evdə. Inanmayacaqsınız, atamın qırx mərasimindən sonra (noyabr ayı) mən kəndə - evimizə gedə bilmirəm. Düşünürəm ki, orda onu görməsəm, necə olar.

- Gənclər bu sahəyə gələrkən onlara necə dəstək olursunuz?

- Paxıl deyiləm. Öyrənmək istəyən olsa, niyə də öyrətməyim? Amma televiziyaya sonuncu dəfə oğlanlardan kiminsə aparıcı olmaq üçün gəldiyini xatırlamaram. Elə qızlar da. Mənim üçün maraqlıdır ki, ali məktəbi jurnalistika ixtisası üzrə bitirənlər sonra hara gedirlər? Hardadı onlar? Kimsə düşünürmü ki, 5 il, 10 il sonra nə olacaq? Aparıcı da tapmayacayıq ki, xəbər proqramlarına çıxaraq.

- Teleməkanda bəyəndiyiniz aparıcılar bəs kimlərdir?

- Gəlin bu sualı cavablandırmayım. Kiminsə adını çəksəm, deyəcəklər özü ilə birgə işləyir, ona görə onu dedi. Və yaxud kiminsə adını birdən deməsəm, yenə deyəcəklər ki, özünü çox istəyir. Peşəkarlar çoxdur. Zəhmətlə yüksəliblər.

- Səlahiyyət sahibi olsaydınız, necə bir proqram yaratmaq istərdiniz?

- Mənim yaratmaq istədiyim proqramlar, verilişlər çox olub. Amma qismət olmayıb. Bir tərəfdən xəbərlərdə işim çox olub. O biri tərəfdən də... nə bilim. Yəqin bu yaş mənə düşərli olar. Hazırda yalnız əlavə bir proqramla məşğul oluram. "Made in Azerbaijan" verililişinin layihə rəhbəriyəm.

- Rəhbərliklə münasibətiniz necədir?

- Mən problem yaradan insan deyiləm. Elə ona görə də işlədiyim ATV kanalında əvvəldən necə çalışmışamsa, elə də davam edirəm. Sadiq insanam. Yerimi dəyişməmişəm. Çünki rəhbərlərim də mənə dəyər veriblər. Fəaliyyətimdən yəqin ki, razı olublar. Çox sağ olsunlar.

- Aparıcıların bəziləri şan-şöhrət dalınca qaçır, dəbdəbəli həyat yaşayır, bahalı avtomobillər və s. Marağınız var belə şeylərə?

- Kim varlıdır, özünə qismət. Şöhrət isə saxta olan kimi üzə çıxır. Onu çox gizlətmək olmur. Mən belə şeylərin həvəskarı deyiləm. Varım dövlətim özüm və ailəm, bir də arzuladığım sağlam həyatdır. Rəqabətə dözümlü, ağıllı bir həyat tərzidir. Bu mənim varlığımdır. Bu baxımdan kasıb deyiləm, əslində bir çoxundan varlıyam. Gizlətməli heç nə yoxdur. Qohum evində qalırıq. Öz evimiz yoxdur. Bir avtomobilim var. Lakin bunlarla yanaşı dəyəri ölçüyə gəlməz həyat yoldaşım, övladlarım, mənəviyyatım, özümə görə savadım var.

- Sosial şəbəkələr sizin üçün nə dərəcədə önəmlidir?

- Dövrümüz elə gətirdi ki, sosial media daha üstünlük təşkil edir. Məşhurlar da orda olur. Hətta deyim ki, tanıdığım vəzifə adamları var ki, bəzən başqa adlarla bu şəbəkədə yer alırlar. Deməli maraq var.

- Həmkarlarınız var ki, sosial şəbəkələrdən sərvət qazanır. Yoxsa sizin buna ehtiyacınız yoxdur?

- Aaaa ... heç bilmirdim. Lap geri qalmışam. Necə edirlər ki? Uşaqdakı fərasətə bax eee... Halaldı!

- Çox mülayim xasiyyətiniz var. Müsahibə edərkən kollektivdə hamı ilə gözəl münasibətinizin olduğunu gördüm. Bəs necə xasiyyətli insanlarla yola getmirsiniz?

- Özünü idarə edə bilməyən, olduğundan artıq görünməyə çalışan insanla yola getmirəm.

- Bağışlamaq limitiniz var?

- Bağışlayıram. Bağışlamaq böyüklük əlamətidir. Amma bunun üçün də limit var. 2 və ya 3 dəfə. Sonrakı hallarda bu artıq bağışlamaq olmur. Əfv etməli olursan. Çünki cəzası ağırdır.

- Sevməyi bacarırsınız yoxsa nifrət etməyi?

- Sevməyi də bacarmaq lazımdır. İnsanları, ətrafı, ailəni və s. onlara sevgi verməyi bacarmalısan. İnsanları tanımağı bacarıram. Kimsə o sevgiyə layiq deyilsə, ona bu şansı vermirəm. Nifrət edə bilmirəm. Sadəcə inciyirəm. Amma bəzi adamlar var ki, gec-tez onların hərəsinə ən azı bir şapalaq vuracağam. Bunun səbəbini də yalnız özüm bilirəm.

- Ailənizi mətbuatdan, sosial şəbəkələrdən gizlisaxlayırsınız. Buna səbəb nədir?

- Hə, düzdür. Bizim sosial şəbəkədə ailə şəkillərimiz azdır. Hətta yazanlar var ki, "nə vaxt şəkilləri qoyacaqsınız", "bu necə adamdır" və s. Nə bilim, xoşlamıram. Nə mənası var ki? O mənim səhifəmdir. Orda mənim şəkillərimdir. Yoldaşımın öz səhifəsi var, orda öz şəkillərini də, uşaqların şəkillərini də paylaşır. Amma mənim şəklimi qoymur (gülür) Yoldaşımın adı Nərgizdir. Ali təhsilli həkimdir. 2 övladım var, qızım - Səlma (8 yaş) və oğlum - Sayqın (5 yaş).

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımı onun işlədiyi tibb müəssisəsində tapdım. Bir neçə gün sevdiyimi deyə bilmədim. Amma sonradan dedim. Mən gec ailə həyatı qurmuşam, 32 yaşında. Biz hər ikimiz yaxşı dərk etdik ki, o yaşda əyləncə axtarmaq gec olardı. Vaxt bizim xeyrimizə işləməli idi. Ona görə də tanışlığımızdan 3 ay sonra evləndik. O, həkimdir, ürək həkimi.

- İstərdinizmi övladlarınız sizin yolunuzu, sənətinizi davam etdirsin?

- Konkret deyəcəm, xeyr! Bilirəm ki, onlar da mənim kimi sadə olacaqlar. Qoy başqa bir sahənin mütəxəssisi olsunlar.

- Ceyhun, üzrlü sayın, ad gününüzdə sizi deyəsən bir az kövrəltdik. Bu gün kimdən təbrik almaq istərdiniz o sizi təbrik etməyib?

- Atam. O yaşlı olsa da, hər il məni təbrik edərdi. Bu il isə belə bir zəng gəlmədi. Amma bilirsiniz, sizinlə bu barədə danışdım, çox rahatlandım. Təşəkkür edirəm. Bu dəfə məni təbrik edən tamaşaçılarım, həm də oxucularım oldu. Bu imkanı siz yaratdınız. Çox sağ olun!