Son günlər Azərbaycanda dəm qazından zəhərlənmə halları artmaqdadır.

Belə ki, dəm qazından ölənlər arasında tanınmış şəxslər də var. 02.03.2018-ci il tarixində "Femida 007 qəzetinin baş redaktoru Əyyub Kərimov dəm qazında boğularaq dünyasın dəyişib.

04.03.2018-ci il tarixində Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib. Şükürlər olsun ki, onlar arasında ölüm faktı qeydə alınmayıb. Amma təssüflər olsun ki, bu gün Sumqayıtda bir evdən 6 meyit çıxıb. Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər. Vəfat edənlər 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova, 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasovadır. İnsanların əksəriyyəti faciənin baş verməsində "Azəriqaz İstehsalat Birliyini günahkar görür. Onlar əhaliyə satılan qazın tərkibinin standartlara cavab vermədiyini iddia edirlər.

Məsələ ilə bağlı Unikal.org-a "Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev deyib ki, mənzillərə texniki nəzarət onların səlahiyyətində deyil.



Məlum olub ki, 2016-ci il 24 may tarixindən etibarən "Azəriqaz İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb. Baş nazir Artur Rəsi-zadənin imzaladığı qərara əsasən, 24 maydan etibarən "Azəriqaz Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarında dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılır. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir. "Qazdan istifadə Qaydalarında dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Unikal.org texniki nəzarətlə bağlı Fövqəladə Hallar və Energetika Nazirliyi ilə əlaqə saxlamaq istəsə də heç bir informasiya əldə etmək mümkün olmayıb. Üzərindən iki il keçməsinə baxmayaraq sözügedən qurumlar bu barədə KİV-lərə heç bir məlumat verməyiblər.

ARDNŞ-nin keçmiş prezidenti Sabit Bağırov Unikal.org-a açıqlamasında əlavə edib ki, mənzillərə texniki baxışla bağlı hüquqi-normativ sənədlər var:



"Çox güman ki, Nazirlər Kabinetyinin də bununla bağlı normativ sənədi və yaxud sərəncamı var. Bu sənədə baxmaq lazımdır. Kimə hansı tapşırıq verilib? Kimin məsuliyəti nədən ibarətdir? Bundan sonra məhsuliyəti olan qurumlar mənzillərdə daha ciddi yoxlamalar aparmalıdırlar. Dəm qazından ölüm və yaxud zəhərlənmə hallarının olması görünür mənzillərdə təbii qazla bağlı texniki tələblərə düzgün riayət edilmir. Buna cavabdeh qurumlar da bu məsələdə daha ciddi olmalıdırlar.

"Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda dəm qazından ölənlərin sayı, müharibədə şəhid olanlardan çoxdur:



"Əvvala ölkədə dəm qazından ölənlərlə bağlı statistika açıqlanmır. Əgər statistika açıqlansa, ölkədə dəm qazından ölənlərin sayı, müharibədə şəhid olanların sayından daha çoxdur. Hər gün dəm qazından ölüm xəbərləri eşidirik. Səbəbi nədən ibarətdir? Heç kim araşdırmır. Araşdırılarsa daha ciddi nöqsanlar ortaya çıxacaq. Bir neçə il öncə, Qaradağ rayonu Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə olmuşdu. Bu gündədək ictimaiyyətə bu zəhərlənmənin izahı verilməyib. Neçə-neçə mütəxəssislər bura gətirildi və bunun izahın tapa bilmədi. Mənim yanaşmama gəldikdə isə hesab edirəm ki, istehlakçıya verilən təbii qazın tərkibi yoxlanılmalıdır. Ola bilməz ki, dəm qazından zərər çəkən adamların hamısı savadsız olsun, qazdan istifadə qaydalarını bilməsinlər. Yaxud da ki, tüstü borusu olmadan qazdan istifadə etsin. Bu qeyri-mümkündür. Amma biz nəyi görürük? Hər gün ölkədə ən azı 10-15 nəfər dəm qazının qurbanı olur. Texniki baxışa gəldikdə isə deyə bilərəm ki, iki il bundan əvvəl pay bölgüsü oldu. Mənzildaxili Fövqəladə Hallar və Energetika Nazirliyinə, mənzilə kimi "Azəriqaz məhsuliyət daşıyır. Amma biz məhsuliyyətli olan görmürük. Dəm qazından bu qədər ölüm hadisəsi baş verir. Sözügedən qurumların bir məmuru hadisələrlə bağlı cəzalandırılmır.

Bütün hadisələrin günahkarı cəzasızlıqdı, bu sindrom isə cinayətin inkişafıdır. "Azəriqaz daha çox məsuliyət daşıyır. FHN-nin də məsuliyətini inkar etmək olmaz. Birinci növbədə qazın tərkibi yoxlanılmalıdır. "Femida qəzetinin baş redaktoruun vanna otğında meyti tapıldı. Bu necə ola bilər? Bəlkə, qaz iyinə görə vurulan maddə insanların ölümünə səbəb olur? Görünür müqəssir qurumlar arasında məsuliyyət bölgüsü tam tamamlanmadığından bu sualın cavabını hələdə verən yoxdur.

"Azəriqaz Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov dəm qazından ölüm hadisələrinə görə abonetləri günahlandırıb:



"Dəm qazından zəhərlənmənin 99 faizi vanna otağında olur. O da insanların qazdan təhlükəsiz istifadə qaydalarına məhəl qoymamağından irəli gəlir. Standartlara məhəl qoymayan abonetlərin evində belə hadisələr baş verir. Hərə öz istədiyi kimi, mənzilini təmir etdirir, öz bildiyi kimi havalandırma qurur. Belə olmaz axı? Bunun standartları var. Buna uyğun olaraq tüsü-bacaların diametri düzgün seçilməlidir. Amma biz nəyi görürük? Hərə öz istədiyi kimi evində "standart qurur. Bu da sonda belə faciələrə gətirib çıxarır.

Bu məsələyə cavabdeh qurumlara gəldikdə isə Nüsrət Qasımov belə cavab verib: "Müvafiq qurumun bu məsələ ilə bağlı cavabdeh şəxsi gəlib mənzilin qapısını döyür. Əksər hallarda mənzil sahibləri qapını açmırlar. Niyə? Çünki ev sahibi istədiyi kimi, qaz xəttini çəkib, tüstü bacanı istədiyi kimi qurub, vanna otağında qapı altında dəlik qoymayıb. Gedib qazı da kəsəndə hay-küy yaradırlar. Hesab edirəm ki, insanlar, abonetlər qucaq açmaqla onları evlərinə dəvət etməlidirlər. Çünki qazdan təhlükəsiz istifadə onların həyatı üçün də vacibdir!

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Unikal.org-a açıqlamasında deyib ki, bu ilin yanvar ayında 24, fevral ayında 17, mart ayının ilk 5 günündə 4 nəfər dəm qazından zəhərlənməyə görə klinikaya müracət edib:



"Bunların əksəriyyəti ambulator müalicə aldıqdan sonra evə buraxılıb. Bəziləri də bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra tam sağalıblar. Dəm qazı zəhərlənməsi əsasən mənzillərdə texniki tələblərə riayət olunmadığına görə baş verir. Vintilyasiya olmadığından çox zaman bu zəhərlənməyə gətirib çıxarır. Çox zaman dəm qazı zəhərlənməsi ölümlə bitmir. Amma müxtəlif fəsadları olur. Xəstə huşunu itirir, kliniya çatdırıldıqdan sonra sağ-salamat evə buraxılır.

Qeyd edək ki, təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:



-¢ təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6,0 m3 - dən az olmamalıdır;

-¢ vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır;

-¢ vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 - dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;

-¢ vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;

-¢ vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;

-¢ təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.

Qaz plitələri quraşdırılan mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir:

-¢ yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;

-¢ mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3-dən az olmamalıdır;

-¢ mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.

Amid Əyyuboğlu