Tutularkən polisə müqavimət göstərmiş Azərbaycan vətəndaşını Almaniyadan deportasiya ediblər.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə alman nəşri "Xaller-Kreysblat" xəbər yayıb.

Xatırladaq ki, yanvarın ortalarında Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olmuşdu.

Qüterslo administrasiyasının rayon administratoru Sven-Georg Adenauer o vaxt bildirmişdi ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıblar. Bu dəfə isə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.

Sven-Georg Adenauer onu da bildirmişdi ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə getmişdi.

Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Həmin vaxt orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki qızı və bir qonaqları olub. Lakin polisin bildirdiyinə görə, ailə üzvləri güclü müqavimət göstərmiş və hətta miqrasiya işçilərini müşayiət edən polislərdən birinin silahını əlindən ala bilmişdi. Nəticədə bir neçə dəfə atəş açılmışdı. Polis sığınacaqdan qaça bilmişdi. Ailə isə sığınacaqda möhkəmlənmiş və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürmüşdü.

Girovların götürülməsindən sonra hadisə yerinə Bielfeld xüsusi təyinatlı polisləri çağırılmışdı. Xüsusi təyinatlıların sığınacağa gəlişindən bir saat sonra ailə təslim olmuşdu.

Mənzildəki şəxslər polisə aparılmış, bıçaqla özünə xəsarət yetirən qadın xəstəxanaya yerləşdirilmişdi. Ailəyə psixoloji yardım göstərilmişdi.

...Bildirilirdi ki, azərbaycanlı cütlük Almaniyadan siyasi sığınacaq almaq üçün 2000-ci illərin əvvəllərində müraciət edib. Ancaq sonradan geri qayıdıblar. Bir neçə il əvvəl siyasi sığınacaq barədə yeni müraciət təqdim olunsa da, bu dəfə məhkəmə onların müraciətini təmin etməyib.

Virtualaz.org xatırladır ki, ər-arvadın barəsində deportasiya qərarı elə insidentdən sonra çıxarılmışdı. Onların 53 və 49 yaşlarında olduğu bildirilirdi. Ailə başçısı dərhal deportasiya olunmuşdu. Onun özünə xəsarət yetirən arvadı xəstəxanada olduğundan bu məsələ sonraya saxlanılmışdı.

Qüterslo rayon nümayəndəsi Yan Foken bildirib ki, təyyarə Frankfurtdan Bakıya saat 14-də yola düşüb: "Onu təyinat nöqtəsində artıq həkimlər gözləyirlər. Amma bu o demək deyil ki, o, sağalandan dərhal sonra deportasiya edilib. Yox, hakim bu qərarı LWL klinikasının həkimlərinin ifadələrinə əsasən qəbul edib".

Qadının 21 yaşlı böyük qızı hazırda Bilefelddə nikahdadır, onun 18 yaşlı bacısı isə hazırlıq keçir. Bu səbəbdən, onları deportasiya təhlükəsi gözləmir.