SON XƏBƏRLƏR
18 Iyun 2018
17 Iyun 2018
"Qəbələ" "Keşlə" ilə səfər oyununda xal itirib
İDMAN 17:49 / 13.03.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Unikal.org-un məlumatına görə, ilk oyun günündə bir matç keçirilib. "İnter Arena”da "Keşlə” və "Qəbələ” üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Baqali Dabo 32-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə meydan sahiblərinin heyətində Voislav Stankoviç öz qapısını nişan alıb. Serbiyalı müdafiəçinin 59-cu dəqiqədə yol verdiyi kobud səhv həm də yekun nəticəni müəyyənləşdirib - 1:1.

Görüş baş hakim Ömər Paşayevin kobud səhvləri ilə də yadda qalıb. Gənc FİFA referisi 65-ci dəqiqədə "Qəbələ"nin qapısına təmiz penaltini təyin etməyib, 90+2-ci dəqiqədə isə "qırmızı-qaralar"ın qaydalar çərçivəsində vurduğu qolda ofsayd qeydə alıb.

Bu bərabərlikdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ” 39 xalla 2-ci, "Keşlə” isə 16 xalla 7-cı sıradadır.

Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. "Neftçi” "Qarabağ”ı, "Zirə” "Səbail”i, "Sumqayıt” isə "Kəpəz”i qəbul edəcək.