Azərbaycan yığmasının keçmiş kapitanı, 2 qat Avropa çempionu, Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, avopa və dünya çempionu 37 yaşlı Ağası Məmmədovdan uzun müddətdir ki, xəbər yoxdur. Bir vaxtlar hərkəsə boksu sevdirən adam, görəsən idman camiasındən niyə kənarda qalıb?

Bütün bu suallarla bağlı cavabı Ağası Məmmədov Unikal.org-a müsahibəsində açıqlayıb.

- Ağası bəy, çoxdandır səsiniz gəlmir. Haralardasınız?

- Hazırda bekarçılıqdır. Ağası Məmmədov istəyir ki, 8-9 yaşlı uşaqları boksda yetişdirsin. Daha onlardan pul almasın və bu mənim arzumdur. Amma idman zalım olmadığı üçün bunu edə bilmirəm.

- Sizə idmançı yetişdirməkdə mane olan kimlərsə var?

- Yox heç kim mane olmur. Sadəcə mənim ona şəraitim yoxdur. Daha dəqiq mənə idman zalı ayrılmır.

- Kim vermir?

- Mən zal tapmışam hər şəraiti var. Özüm də, vaxtı ilə həmin zalda məşq etmişəm. Sözügedən idman kompleksi Yasamal rayon 13 nömrəli məktəbin yanında yerləşir. Bu zalda da hər şərait var. Sovet hakimiyyəti vaxtı tikilib. Həmin zalın da yaxınlığında basketbol, futbol zalları da var. Bir sözlə çox yaxşı idman kompleksidir. Bu zal mənə idmançı yetişdirmək üçün verilsə, söz verirəm ki, orada növbəti Ağası Məmmədovları ortaya çıxararam. O ərazilərdə çox yaxşı bacarıqlı uşaqlar var və onlar boksa tam yararlıdırlar.

- Məlumatımıza görə, siz müraciət də etmisiniz?

- Heydər Əliyev Fondunda olimpiya medalçıları ilə görüş keçirildi. Sözügedən tədbirdə mənə, Nazim Hüseynov və Namiq Abdullayevə tələb qoyuldu ki, bundan sonra siz də özünüz kimi idmançılar yetişdirməli, bacarığınızı yeniyetmələrə öyrətməlisiz. "Bunun üçün sizə nə lazımdırsa hər cür şərait yaradılacaq. İstədiyiniz yerdə özünüzə idman zalı seçə bilərsiz. Bu ölkəmizin birinci xanmı, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən verilən göstəriş və tələb idi. Bu göstəriş verilsə də, nədənsə başqaları buna əməl etmir.

- Sonradan bunun üçün harasa müraciət etmisiniz?

- Təbii ki, müraciət olunub. Gənclər və İdman Nazirliyinin də, digər aidiyyat qurumların da xəbərləri var. Yenə deyirəm sadəcə olaraq 2013-cü ildə mənim dediyim zala baxış keçirildi. Zalın bundan öncəki işlədənlərinin dövründə orada silah və narkotik tapıldı. Sözügedən əraziyə silahlı qruplaşmalar toplaşırdı. Bundan sonra oranın idman zalı kimi fəaliyyətinə icazə verilmədi. Amma üzərindən xeyli müddət keçib. İndi o zal həmin problemlərdən təmizlənib. Hüquq-mühafizə orqanları tərəfindən bütün problemlər aradan qaldırılıb. İndi boş, təmiz zaldır. Dedim ki, bundan sonra orada heç bir şey ola bilməz. 09:00-11:00 və 16:00-18:00-a kimi gedib, həmin zalda məşqimizi edib, çıxacağıq. Hər şey göz qabağında olacaq. Amma, hələ də buna icazə verilmir.

- Ora olmasa, sizin üçün başqa zalda şərait yaratmaq mümkün deyil?

- Başqa zal harada var ki? Bundan başqa, özüm sözügedən idman kompleksində idmana başlamışam. Mənim ən böyük arzum, idmana gəldiyim yerdə azyaşlı idmançılar yetişdirməkdir.


- Hansısa dövlət işində də işləmirsiz?

- Adım Dövlət Gömrük Komitəsinin (DGK) işçisi kimi gedir. Amma özüm ora getmirəm. Heydər Əliyev Fondunun və Milli Olimpiya Komitəsinin (MOK) təqaüdçüsüyəm. Mənə məşq keçməyim üçün valideynlər də müraciət edir, gənclər də... Hər kəsə gözləyin deyirəm. Amma bilmirəm ki, bu nə vaxta qədər çəkəcək.

- Nazirlik tərəfindən yardım olunarsa, sizə köməklik göstərilərsə, nə vaxta kimi reallaşdırmaq istəyirsiz?

- Əgər kömək olarsa, ən tez zamanda bunu gerçəkləşdirməyi düşünürəm.

- Bəs bunun üçün sizə müəyyən maddi yardım lazım olmayacaq? Onu necə həll etməyi düşünürsüz?

- Ora 1985-ci ildən istifadəyə verilməsinə baxmayaraq yenidən təmirinə ehtiyac yoxdur. Ora sadəcə boks kisələri asmaq, yüngül 1-2 idman avadanlıqları almaq lazım gələcək ki, bu da həll olunandır. Hamamı da, su sistemi də var.

- Bəs zal açmaq fikrinizlə bağlı sonuncu dəfə nazirliyə və aidiyyatı qurumlara nə vaxt müraciət etmisiniz?

- İki ilə yaxındır. Amma inanıram ki, bu məsələ öz həllini tapacaq. Ola bilər, onların başı çox qarışıq olduğu üçün bu məsələyə baxılmır. İnşallah, inanıram ki, düzələr.

Aygün İlqarqızı